Prezident İlham Əliyev martın 18-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Ilham Əliyev OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfərinin böyük önəm daşıdığını bildirib.
Məhəmməd Barkindo Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb və deyib ki, hər bir neftçi gəlib öz gözləri ilə Bakını görməlidir.
Əliyev Azərbaycan ilə OPEC arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib və ölkənin hasilatla bağlı üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb. Dövlət başçısı neftin qiymətinin sabit saxlanması istiqamətində Məhəmməd Barkindonun və OPEC-in səmərəli, həmçinin koordinə edilmiş səylərini yüksək qiymətləndirib, bunu, eyni zamanda, birgə fəaliyyətin yaxşı nəticəsi kimi dəyərləndirib.
Məhəmməd Barkindo OPEC və qeyri-OPEC üzvlərinin bir araya gəlməsində prezident Əliyevin rolunu xüsusi qeyd edib, Azərbaycanın OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirib. Ölkənin üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deyən baş katib bunun Azərbaycanın bu razılaşmaya nə dərəcə sadiq qaldığının göstəricisi olduğunu bildirib.
“Bu, təkcə neft hasil edən yox, hətta istehlakçı ölkələrin marağındadır. Bu işin nəticələrini artıq neft sənayesində və dünya bazarlarında görmək mümkündür”, o qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?