Nəzərlər ölkə prezidentinə dikilib; Artur Rasi-zadə yenidən postuna təsdiqlənəcək, yoxsa...
Aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Qeyd edək ki, şənbə günü Milli Məclisin plenar iclasının keçirilməsi halına rast gəlinməyib. Ona görə də təcili iclasın çağırılması ortaya suallar çıxarır, nə baş verdi ki, qəfildən plenar iclas çağırıldı? Yeri gəlmişkən, əvvəlcədən elan olunmuşdu ki, Milli Məclisin növbəti plenar iclası aprelin 24-də keçiriləcək, hətta iclasın gündəliyi də açıqlanmışdı.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında plenar iclasın keçiriləcəyini təsdiqləsə də, gündəlikdəki məsələ barədə məlumatsız olduğunu bildirdi: “Rəhbərlik bizə deyib ki, aprelin 21-i saat 12.00-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Gündəlikdə nə var, hələlik bununla bağlı məlumatımız yoxdur”. A.Təvəkküloğlu onu da bildirdi ki, 24 aprel iclası elan olunduğu kimi, baş tutacaq.
“Yeni Müsavat”a istinadla aldığı məlumata görə isə plenar iclasın gündəliyində bir məsələ var: yeni baş nazirin namizədliyinin müzakirəsi və təsdiqlənməsi.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür və həmin namizəd Milli Məclisə təqdim edilir.
Daha sonra prezident namizədliyini irəli sürdüyü şəxsi Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edir. Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Telefon əlaqəsi saxladığımız deputatlar da onlara iclasla bağlı bir neçə saat əvvəl məlumat verildiyini dedilər və bunun səbəbləri barədə məlumatsız olduqlarını bildirdilər. Adlarının açıqlanmasını istəməyən bəzi deputatlar bildirdilər ki, baş nazirliyə namizədliyi irəli sürüləcək şəxslə bağlı tam bilgisizdirlər.
Deputat Fazil Mustafa isə “Yeni Müsavat”a bildirdi ki, şənbə günü Milli Məclisin iclasının keçirilməsi yeni hadisədir. İclasla bağlı təxminlərini soruşduqda, deputat “əgər belə təcili iclas çağırılırsa, ola bilər yeni baş nazir təyin edilsin” deyə, bildirdi. F.Mustafa əlavə etdi ki, o, yeni prinsiplərin formalaşmasının tərəfdarıdır: “Komanda önəmli deyil, çünki komandaya nə tapşırıq verilsə, o istiqamətdə işləyəcək. Yeni, daha fərqli prinsiplərin ortaya çıxmasına ehtiyac var, o da vətəndaşların hüquq və azadlıqlarına daha sayğılı, daha həssas münasibət bəsləyən bir fəaliyyət olmalıdır, əsas odur. Yoxsa yaşlı kadrın gedib, cavanın gəlməsi hələ məsələnin həlli demək deyil. Yəni kadrın düşüncəsi, dünyagörüşü, müasir düşüncə tərzi önəmli şərtlərdən biridir, yaşı önəmli deyil. Ona görə də mən, açığı, ümid edirəm ki, yeni anlayışlı bir hökumətin formalaşmasına başlanılacaq”.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
Plenar iclasda yeni baş nazirin namizədliyinin müzakirəyə çıxarılacağı, yoxsa keçmiş baş nazir Artur Rasi-zadənin yenidən öz postuna təsdiqlənəcəyi barədə fərqli fikirlər var. Hətta Baş nazirin birinci müavini Yaqub Eyyubovla müavin, YAP icra katibi Əli Əhmədovun namizədliyi barədə də məlumat yayılıb. Odur ki, səlahiyyətlərini müvəqqəti icra edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb bəzi suallarımıza cavab almaq istədik.
“Bu, istisnasız olaraq cənab prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də məndə bu barədə informasiya yoxdur” - deyə, A.Əli bildirdi. O qeyd etdi ki, cənab prezidentin sərəncamı ilə hökumət yeni tərkib təsdiq olunana qədər öz səlahiyyətlərinin icrasını davam etdirir. A.Əli Baş nazir səlahiyyətlərini icra edən Artur Rasi-zadənin iş başında olduğunu da söylədi: “Həmişəki kimi, iş başındadır. Səhər görüşmüşəm”.
“Yeni baş nazir kimi hazırkı müavinlər Yaqub Eyyubov və Əli Əhmədovun adları çəkilir. Bu barədə nə deyə bilərsiniz?”-sualına cavab olaraq A.Əli belə dedi: “Bütün bunlar gümanlar ola bilər. Yəni bunu heç kim proqnozlaşdıra bilməz. Çünki bu səlahiyyət yalnız və yalnız cənab baş nazirə aiddir. Prezidentin qərarı olmayana qədər bütün danışılan söhbətlər yalnız gümandır. Bir daha deyirəm, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir”.
Maraqlıdır, illərdir Baş nazir postunu tutan Artur müəllim özü necə, yeni baş nazir olmağa özünü hazırlıqlı bilirmi, yoxsa getmək istəyir? A.Əli bu suala elə sualla cavab verdi: “Mən Artur müəllimin əvəzinə necə deyə bilərəm?
İclasa saatlar qalmışkən hamının nəzərləri ölkə prezidentinə dikilib; Artur Rasi-zadə yenidən postuna təsdiqlənəcək, yoxsa yenisi ilə əvəzlənəcək?..
Sorğu
Yeni dizaynımız necədir?