Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov aprelin 27-də Samux rayon prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Samux rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 21 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?