Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O, Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlət başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır.
İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlət başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?