Prezident İlham Əliyev aprelin 21-də baş nazir vəzifəsinə Novruz Məmmədovu təklif etdi və Milli Məclis təklifi qəbul etdi. Daha sonra yeni kabinetin formalaşması start götürdü. Təyinatda yeni simalara rast gəlinir.
Onlardan biri təhsil naziri Ceyhun Bayramov oldu. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümovu Sahil Babayev, kənd təsərrüfatı naziri vəzifəsində Heydər Əsədovu İmam Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu deputat Fuad Muradov əvəz edib. Habelə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovu Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu da deputat Rövşən Rzayev əvəzləyib.
“Cənab prezident təyin edibsə, pis olmaz”
Deputat Vahid Əhmədov yeni hökuməti normal qiymətləndirib.
Bu barədə deputat AzadliqRadiosuna deyib ki, gənc və perspektivli kadrların təyinatı müsbətdir:
“Cənab prezident təyin edibsə, pis olmaz. Mənə elə gəlir ki, müəyyən dövrdə təcrübə toplayıb püxtələşəcəklər. Həm də kabinetdə köhnədən də kadrlar qalıb, onlar da təcrübəyə malik insanlardır”.
İqtisadçı Azər Mehtiyev isə fərqli düşünür.
“İndiki tərkibdən ciddi islahat gözləmirəm”.
O, hesab edir ki, hökumətin tərkibində ciddi dəyişiklik baş verməyib:
“Düzdür, əvvəllər başqa sahələrdə çalışan yeni kadrların təyinatı olub. Ancaq ümumilikdə hökumət hər hansı islahat proqramı elan etməyib. Bir il əvvəldən olan “Strateji Yol Xəritəsi” və digər sənədlər eləcə də qalıb. Əgər bu tərkiblə həmin sənədlər əsasında islahatlara gedəcəklərsə, inandırıcı görünmür. Çünki Azərbaycanı idarə etmək istəyənlərin böyük əksəriyyəti sovet düşüncə tərzi ilə bazar iqtisadiyyatı qurmaq istəyirlər”.
Azər Mehtiyev gənc kadrlarla bağlı deyib ki, onların mövcud sistemdə iş qabiliyyətlərini necə ifadə edəcəklərini zaman göstərəcək:
“Amma indiki tərkibdən ciddi islahat gözləmirəm”.
İqtisadçı Məhəmməd Talıblı isə bildirib ki, hakimiyyətin idarəetmə fəlsəfəsinə yanaşması başqadır:
“Onlar daha güclü mərkəzləşdirilmiş hakimiyyət formalaşdırmaqla cəmiyyət üzərində daha təsirli nəzarət mexanizminə malik bir sistemi təsəvvür edirlər.”
Məhəmməd Talıblı deyib ki, hökumət əvvəlcə struktur dəyişiklikləri etməlidir. Onun fikrincə, əslində, uzun illərin təcrübəsi göstərdi ki, mərkəzləşdirilmiş sistem Azərbaycan iqtisadiyyatının inkişafını tormozlayır:
“Baş nazir nazirləri nəinki təyin etmək, hətta onları kollektivlərinə təqdim...”
Desentralizasiya isə (Desentralizasiya - mərkəzi hakimiyyətdən yerli hakimiyyətə doğru səlahiyyətlərin, vəzifələrin, məsuliyyətin və resursların hərəkətindən ibarət müasir tendensiya-R) siyasəti hökumətin ağırlığını paylaşdırmaq imkanları yaradır.
Baxın, baş nazir nazirləri nəinki təyin etmək, hətta onları kollektivlərinə təqdim etmək hüququna malik deyil. Onun kabineti formalaşdırmaq səlahiyyəti olmalıdır. Ölkənin iqtisadiyyatına və təsərrüfat sisteminə bütün məsuliyyət baş nazirə həvalə olunmalıdır. Düzdür, bu daha çox Fransa modelinə uyğundur. Ondan nəticəvi fəaliyyət tələb olunmalıdır. O zaman onun fəaliyyətinin nəticələrini ölçmək imkanları yaradıla bilər. Baş nazir parlamentdə illik hesabatla kifayətlənməli deyil. Onun rüblük hesabatları olmaqla bu proses bir neçə gün çəkməlidir. Elə nazirlik və komitələr vardır ki, orada yaxşı menecer keyfiyyətlərindən daha çox sahəvi biliklər və bacarıqlar rol oynayır. Ora hansısa idarəetmədə uğur qazanmış bir nəfərin təyin olunması, mümkündür ki, tamam fərqli mənfi nəticələr doğursun. Çünki həmin xüsusi sahə idarəetmədə siyasi qərarların və strateji hədəflərin müəyyənləşməsindən daha çox ixtisas bilikləri və təcrübəsi tələb edir. İndiki halda gənc nazirin təyinatında bu riskləri görürəm”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda güclü parlament hakimiyyəti olmadığından baş nazirin hesabatlı olub-olmaması ilə bağlı qeyri-müəyyənlik qalacaq:
“Çünki parlament üzvlərinin böyük əksəriyyəti nəinki alternativ hesabatlarla, o cümlədən beynəlxalq qurumların hesabatları ilə tanış deyillər. Hətta hökumətin rüblük hesabatları ilə tanış deyillər. Bu zaman onlar iqtisadiyyatın və cəmiyyətin içindən gələn narahatçılıqları baş nazirin iştirakı ilə müzakirə edə bilməyəcəklər. Ona görə struktur islahatları deyəndə yaşlı insanları gənclərlə əvəz olunması kimi yerdəyişməni mən başa düşmürəm. Effektiv idarəetmə sistemi, islahatçı komanda və min ölçülüb-biçilmiş islahat proqramını əhatə edən üçbucaqlı konstruksiyanın qurulması lazımdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?