Çirkli pulların yuyulmasına qarşı mübarizə gücləndiriləcək
Prezident İlham Əliyev müstəqil Maliyyə Monitorinqi Xidmətinin yaradılması ilə bağlı fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir: “Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.
Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir.
Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir”.
Ölkə prezidenti bu zərurəti nəzərə alaraq Maliyyə Monitorinqi Xidmətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibindən ayrılaraq müstəqil fəaliyyət göstəməsinə qərar verib.
Onu da qeyd edək ki, xidmət Prezident fərmanı ilə 2009-cu ildə Mərkəzi Bank nəzdində yaradılmışdı. 2016-cı ilin fevralından isə onun tabeliyi dəyişdirilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına keçirilmişdi. O zaman gözlənilirdi ki, Rüfət Aslanlının nəzarətində qurumun işi daha da təkmilləşəcək, fəaliyyətində dəyişikliklər baş verəcək. Lakin bunların heç biri baş vermədi.
Əksinə, Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti əvvəlkindən daha da zəiflədi. Halbuki beynəlxalq qurumlar Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə aparan qurumun müstəqil və daha geniş səlahiyyətlərə malik bir qurum kimi fəaliyyət göstərməsini dəfələrlə təklif etmişdilər.
Azərbaycanda çirkli pulların yuyulması ilə bağlı fəaliyyətlər daim beynəlxalq təşkilatların diqqətində olub. Xüsusilə İrana qarşı sanksiyaların qüvvədə olduğu dövrdə Azərbaycanda cənub qonşumuzun pullarının yuyulması ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Hətta “Birlikbank” və “Royalbank”ın məhz İran pullarının yuyulmasında iştiraka görə lisenziyalarının geri alındığı bildirilirdi.
Xatırladak ki, Mərkəzi Bank hər iki bankın lisenziyasını geri çəkərkən “Banklar haqqında” qanunun 16.9-cu maddəsinə - terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz gəlir əldə olunması – istinad etmişdi. “Royalbank”ın sahibi isə İran əsilli iş adamı idi.
İran pullarının Azərbaycan vasitəsilə yuyulması məsələsi ötən ilin sonlarında ABŞ-da Rza Zərrab işi üzrə aparılan məhkəmə istintaqı zamanı da aktuallaşmışdı. Belə ki, məhkəmədə şahid qismində ifadə verən R.Zərrab İran pullarının yuyulmasında Azərbaycandan olan 3 nəfərin də iştirak etdiyini, bu prosesin bir hissəsinin məhz Azərbaycan üzərindən reallaşdırıldığını bildirmişdi. Həmin vaxt bir çox ekspertlər bu ifadə əsasında ABŞ və çirkli pulların yuyulmasına qarşı mübarizəyə nəzarət edən beynəlxalq qurumlardan Azərbaycana müəyyən təkliflərin olacağını proqnozlaşdırmışdılar.
İran-ABŞ münasibətlərinin yenidən gərginləşdiyi, İrana qarşı sanksiyaların tətbiq olunduğu bir dövrdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinə müstəqillik verməsi, çirkli pulların yuyulması iddialarının yenidən gündəmə gətirilməsinin qarşısını almaq üçün atılmış addım da hesab oluna bilər./musavat
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?