“Cənub Qaz Dəhlizi” bütün iştirakçılara mənfəət gətirəcək; Qərbin və Rusiyanın maraqlarına cavab verən layihə region üçün təhlükəsizlik zolağına çevrilir
Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi”nə bu günlərdə ilk qaz vurulmasına başlandı. Rəsmi məlumatlara görə, ümumi dəyəri 40 milyard dollar təşkil edən bu nəhəng layihəyə 30 milyard dollardan yuxarı vəsait sərf olunub. Belə ki, ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz 2" layihəsi üzrə aprelin sonuna 17,7 milyard dollar xərclənib.
Cənubi Qafqaz Boru Kəməri üzrə 4,5 milyard dollar təşkil edən xərclərin 4,2 milyard dolları artıq icra olunub. Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 5,4 milyard dollar, Trans-Adriatik Boru Kəməri (TAP) üzrə isə 2,9 milyard avro olub.
Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin açılış mərasimində qeyd edib ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.
Belə ki, “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Eyni zamanda üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir.
“Cənub Qaz Dəhlizi” ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland “Shell” şirkəti, Bolqarıstanın “Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın “Uniper”, Fransanın “Engie”, İtaliyanın “Hera Trading”, “Edison”, “Enel” və İsveçrənin AXPO şirkətləridir.
Azərbaycanın təbii sərvətlərinin dünya bazarına çıxarılmasında regional əməkdaşlıq da mühüm rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə arasında olan bu əməkdaşlıq “Bakı-Tiflis-Ceyhan” Əsas İxrac Boru Kəməri, “Bakı-Tiflis-Ərzurum” Cənubi Qafqaz Qaz Boru Kəməri və digər önəmli layihələrin gerçəkləşməsində baza rolunu oynayır.
Azərbaycanın digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ “Cənub Qaz Dəhlizi”nin reallaşmasına da siyasi və mənəvi dəstək göstərib. Bu baxımdan, ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı son 3 məktubdan çıxan nəticələr diqqəti cəlb edir:
- Azərbaycan və ABŞ mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər;
- Tramp təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı, habelə uzunmüddətli ticarət əlaqələrini yüksək qiymətləndirir;
- Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq;
- Azərbaycan firavan və qlobal iqtisadiyyata bağlı ölkədir;
- Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir;
- Azərbaycanın qaz hasilatı Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək;
- ABŞ Azərbaycanla 30 illik əməkdaşlığın “Cənub Qaz Dəhlizi” kimi mühüm nailiyyətini Azərbaycanla birlikdə qeyd edir;
- ABŞ Azərbaycanın enerji layihələrinin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatların davam etdirilməsini dəstəkləyir.
Göründüyü kimi, Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir və bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan edir.
ABŞ Azərbaycanı regionun güclü, firavan, qlobal iqtisadiyyata bağlı, təhlükəsizlik və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi qiymətləndirir, Tramp bundan sonrakı dövrdə də prezident İlham Əliyevlə işləmək əzmini ifadə edir.
ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrinin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir.
Lakin Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar. Onlar Amerika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını müdafiə və ifadə edirlər. Bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycana pozitiv münasibəti ilə heç bir əlaqəsi yoxdur.
ABŞ-la yanaşı, Böyük Britaniya da “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü dəstək verib, BP şirkəti ölkəmizin energetika sektorunda həyata keçirilən çoxsaylı layihələrin əsas investoru olub.
Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” və digər enerji layihələrinin icrasında çox önəmli rol oynayıb. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamənin imzalanması ilə bu mühüm layihənin əsası qoyulub, sonrakı dövrdə də Aİ bu çərçivədə həyata keçirilən tədbirlərə güclü dəstək verib.
Bu barədə danışarkən xüsusi qeyd etməyə dəyər ki, “Cənub Qaz Dəhlizi” qarşıdan gələn bir neçə onillik ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.
Bu layihə Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Eyni zamanda Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq.
“Cənub Qaz Dəhlizi” həmçinin Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək, region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq, dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Layihə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək, bütün iştirakçı ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
Sorğu
Yeni dizaynımız necədir?