"Milli Şuranın üzvlərini salamlayıram və onlara uğurlar arzulayıram". Hüseyn Abdullayev Milli Şuraya müraciətində belə deyib. Bu barədə "Azadlıq"a Milli Şuranın üzvü İbrahim İbrahimli bildirib. İbrahim İbrahimli deyib ki, Hüseyn Abdullayev Milli Şuraya müraciətini "Facebook" vasitəsilə ona göndərib: "Hüseyn Abdullayev mövqeyindən geri çəkilməyəcəyini və Azərbaycanda demokratik cəmiyyət qurulması uğrunda mübarizəsini davam etdirəcəyini bildirir. Deyir ki, Avropa ölkələrində keçirdiyi müxtəlif görüşlərdə Azərbaycandakı avtoritar vəziyyət müzakirə olunarkən o xəcalət çəkir. Bu baxımdan o da Azərbaycanda ləyaqətli cəmiyyətin qurulması üçün öz töhfələrini əsirgəmir. Hüseyn Abdullayev heç bir siyasi iddiasının olmadığını deyir. O, hələ 2007-ci ildə deputat olarkən, Milli Məclisində hökumətin hesabatını sərt tənqid edib. Hakimiyyətin korrupsiya əməliyyatlarına, dövlət səviyyəsində rüşvətə etirazını bildirib. Yəni, Hüseyn Abdullayev o zaman da sözünü deyib. İndi də mövqeyini çəkinmədən bəyan edir. Yaradıcılığı ilə siyasi proseslərə yön verir. Onun "Susma" mahnısı demokratiya uğrunda mücadilə üçün bir marşdır".
Milli Şuranın üzvü daha sonra Hüseyn Abdullayevə təzyiqlərə toxunub: "Hüseyn Abdullayevin yaşlı valideynlərinə məxsus şirkətlə bağlı cinayət işi başlanıb. Bu faktiki olaraq onun qoca ata-anası barəsində başlanmış cinayət işidir. Həmin şirkət onlara məxsusdur və 10 il əvvəl də fəaliyyətini dayandırıb. Hakimiyyətin bu addımının analoqu yoxdur. Hətta 37-ci ildə belə şey olmayıb. Ona görə də Hüseyn Abdullayev deyir ki, Allahınız, vicdanınız olsun, mübarizə aparırsınızsa mənimlə aparın. Yaşlı valideynlərimi rahat buraxın".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?