Xətai təşkilatının sədr müavini sonrakı fəaliyyətini AXCP-də davam etdirmək qərarı verdi
Müsavat Partiyasının Xətai rayon təşkilatının sədr müavini Şahin Hüseyn partiya sıralarından istefa verib. Bu barədə “Azadlıq” qəzetinə Şahin Hüseyn özü deyib. İstefanın səbəbini Şahin Hüseyn Müsavatın Milli Şuradan çıxması ilə izah edib. “Müsavatın fəaliyyətini kluarlarda tənqid edirdim. Partiyanın Milli Şuradan çıxması pik hədd oldu”,- deyə Şahin Hüseyn bildirib. O, bundan sonra siyasi fəaliyyətini AXCP-də davam etdirəcəyini qeyd edib. Bildirib ki, AXCP-ni seçməsinə səbəb bu partiyanın daha güclü təşkilatlanmasıdır: “AXCP-nin və başqa siyasi partiyaların keçirdiyi tədbirləri izləyirdim. Müqayisələr aparırdım. AXCP-nin keçirdiyi tədbirlərin təşkilatçılıq səviyyəsi ilə başqa partiyaların keçirdiyi tədbirlər arasında fərqi görməmək mümkün deyil. AXCP keçirdiyi tədbirlər daha yaxşı təşkil olunur, yüksək səviyyədə keçirilir. Bu da partiyanın gücünü göstərir. Əli Kərimlinin böyüklüyü də burada rol oynayır. Onu hakimiyyətə işləməkdə ittihamlar edir, olmazın sözlər deyirdilər. İndi özləri o yoldadır, ancaq Əli bəydən onlar haqda bir kəlmə eşitməmişəm”. Müsavatın vaxtı ilə “Azadlıq” blokundan da çıxdığını xatırladan Şahin Hüseyn deyib ki, AXCP həmişə birliyin tərəfdarı olub. O, keçmiş partiyasına uğurlar arzulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?