Bakının namizəd olduğu “Ekspo-2025” Sərgisinin mövzusu beynəlxalq inkişaf gündəliyinə tam uyğun gəlir.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirəsində çıxışı zamanı deyib.
E.Məmmədyarov bildirib ki, iqtisadi inkişafı, müvəffəqiyyətli sosial siyasəti, zəngin insan kapitalı və multikulturalizmin ənənəvi dəyərləri ilə əldə olunmuş nailiyyətlərindən ilhamlanaraq, Azərbaycan paytaxtı Bakı şəhərində “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsini təklif etmək qərarına gəldi: "Bizim mövzumuz "İnsan kapitalının inkişafı, daha yaxşı gələcək qurmaq"dır – bu, universal narahatlıq doğuran bir məsələdir və Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu, həm də beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinə tam uyğun gəlir".
Nazir qeyd edib ki, Şərqi Avropa, Qafqaz və Xəzərin bütün regionu heç vaxt “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyib: "Bu baxımdan “Ekspo-2025” Ümumdünya Sərgisi Bakı öz ənənəvi coğrafiyasını genişləndirmək baxımından həqiqətən universal olacaq və tarix baxımından qısa müddəti əhatə edən 27 illik müstəqilliyi dövründə Azərbaycan kimi ölkələrin “Ekspo-2025” Ümumdünya Sərgisi kimi böyük tədbirlərə müraciət etməklə əlamətdar nəticə əldə edə bilməsinə canlı nümunə olacaq. Bu fürsətdən istifadə edərək bu ilin noyabr ayında Parisdə keçiriləcək seçkilərdə Beynəlxalq Sərgilər Bürosunun üzv dövlətlərindən Bakıya səs vermələrini xahiş edirəm".
Nazir vurğulayıb ki, dayanıqlı iqtisadi artım Azərbaycana yalnız milli inkişaf strategiyasına diqqət yetirməyə deyil, həm də beynəlxalq inkişaf səylərini aktiv şəkildə dəstəkləməyə imkan verib: "Azərbaycan Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişafa yardım göstərib. Xüsusilə inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, eləcə də təbii fəlakətdən xilas olanların ehtiyaclarının ödənilməsinə xüsusi diqqət ayrılıb"./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?