Formal olaraq Vladimir Putin Bakıya Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək və cüdo üzrə dünya çempionatının final mərhələsini izləmək üçün gəlmişdi. Lakin bağlı qapılar arxasında o, İlham Əliyevlə hərbi-texniki əməkdaşlıq, KTMT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzularını müzakirə edib.
gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, cari ilin sentyabr ayının 1-də Putinin Soçidəki “Boçarov ruçey” iqamətgahında İlham Əliyev belə bir rəqəm səsləndirmişdi: “Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bu rəqəm artacaq”. Azərbaycan liderinin sözlərinə görə, Rusiya “hərbi məhsulların dünya üzrə vacib istehsalçısı və beynəlxalq bazarlara təchizatçısıdır”.
Bu səbəbdən Azərbaycan bundan sonra da öz ordusunu Rusiyanın köməyi ilə modernləşdirəcək.
İki ölkənin hərbi-texniki əməkdaşlığı məsələsi növbəti dəfə bu sualı verməyə vadar edir: Azərbaycan MDB-nin hərbi ittifaqı olan KTMT-nin tamhüquqlu üzvü olmağa hazırlaşmırmı? Ən azı ona görə ki, Rusiya silahını dünya qiymətləri ilə deyil, hazırda Ermənistanın etdiyi kimi Rusiyadaxili qiymətlərlə ala bilmək üçün.
Putinin bu məsələ ilə bağlı mövqeyi hələlik tam məlum deyil. Ola bilsin ki, o, bu cür sövdələşmənin mümkünlüyünü düşünüb-daşınmaq üçün fasilə götürüb. Analitiklər hesab edirlər ki, hazırkı vəziyyətdə çox şey Ermənistanın yeni lideri Nikol Paşinyanın siyasətindən asılı olacaq.
Əgər o, əvvəlkitək Ermənistanı Moskvanın nüfuz orbitindən çıxarmağa çalışarsa və Aİ ilə NATO istiqamətində yaxınlaşma kursunu davam etdirərsə, Moskva hadisələrin bu cür inkişafından heç də xoşhal olmayacaq.
Bu zaman Ermənistanı Azərbaycanın işğal edilmiş rayonlarından çıxarmaq hesabına Paşinyanın gözdən salınması planı meydana çıxır. Təbii ki, Ermənistanın cəbhədəki məğlubiyyəti Yerevanda narazılıq partlayışına səbəb olacaq və bu halda Paşinyan ölkədən qaçmağa məcbur qalacaq. Mənbə qeyd edir ki, eyni hadisə 1993-cü ilin iyununda azərbaycanlı lider Əbülfəz Elçibəyin başına gəlmişdi.
Lakin Ermənistanın hazırkı rəhbərliyi hadisələrin bu cür inkişafının riskini anlayır və buna görə də, Moskva ilə dostluq münasibətlərini qoruyub saxlamağa çalışır və eyni zamanda addım-addım Avropa İttifaqı və NATO ölkələri ilə yaxınlaşmaqda davam edir.
Ukraynanın didərgin keçmiş prezidenti Viktor Yanukoviç də təxminən bu cür ikivektorlu siyasət yürüdürdü. Bunun nə ilə başa çatmasını hamı gördü. Ölkə vətəndaş münaqişəsi alovunda yandı. Buna daha çox vətəndaş müharibəsi demək olardı.
Elə bu vaxt Yerevan qısqanclıqla Putinin Bakıya səfərini izləyir və Əliyevlə Rusiya prezidentinin pərdəarxası danışıqlarının yekunlarını öyrənməyə can atır. Nikol Paşinyan sentyabrın 8-də Putinlə danışıqlar aparıb və onu Yerevana rəsmi səfərə dəvət edib. Kreml bu səfərin dəqiq tarixini bildirməyə söz verib.
Beləliklə, mürəkkəb geosiyasi oyunda “stavkalar” qoyulub: hələlik mövcud vəziyyətin kəskin dəyişikliyi gözlənilmir. Lakin Bakı Qarabağın ətrafındakı beş rayonun nəzarəti altına qaytarılmasına ümid etdiyini deyir.
Bu yaxınlarda Bakıda Azərbaycan və Türkiyə qoşunlarının birgə marşı, iki ölkənin hərbi aviasiyasının birgə manevrləri – bütün bunlar münaqişə zonasında hərbi əməliyyatların bərpasının istisna edilmədiyini göstərmək üçündür.
Hərbi mövzudan və Dağlıq Qarabağ problemindən savayı, Putinlə Əliyev Bakıda iqtisadi inteqrasiya məsələlərinə toxunublar. Konkret olaraq, birgə infrastruktur-nəqliyyat layihələri üzərində iş barədə bəyanatlar verilib.
“Şimal-Cənub, “İran-Azərbaycan-Rusiya” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir ki, bu da Avropa və Asiya bazarlarının yaxınlaşdırılması məqsədini güdür”, - Putin deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?