Bu gün müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qonaqları salamlayan general-polkovnik N.Sadıqov Türkiyə tərəfinə regiondakı hərbi-siyasi, təhlükəsizlik və cəbhə xəttindəki hazırkı vəziyyət barədə məlumat verərək Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirib. O, diqqətə çatdırıb ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində mümkündür.
İki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik N.Sadıqov bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.
Ordu generalı Yaşar Gülər də öz növbəsində Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin, görüşlərinin təşkil olunmasının vacibliyini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?