Bu gün dörd ölkə eyni anda Ermənistanın paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.
Giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib. Gürcüstan nümayəndə heyətinin üzvü (iclasda heyətin sədri iştirak etməyib) vurğulayıb ki, nümayəndəliyin sədri bu mükafatı qəbul etməkdən imtina edir və səbəbinin müzakirə olunmamasını xahiş edir. Azərbaycan nümayəndə heyətinin sədri Eldar Quliyev bildirib ki, bu postda qısa müddətdir olduğundan vicdanı bu cür mükafatı qəbul etməyi rəva bilmir. Quliyev onu da əlavə edib ki, məsələ siyasətlə əlaqədar deyil. Türkiyə nümayəndə heyətinin sədri də vurğulayıb ki, medalı qəbul etmək şərəfinə malik deyil. Ukrayna nümayəndə heyətinin sədri Çubarov gürcüstanlı həmkarı kimi Yerevandakı iclasa gəlməyib və yazılı formada medaldan imtina edib. Bu cür münasibətdən pərt olmuş Babloyan məcburən xatırladıb ki, mükafatlar təkcə sədrlərə yox, həm də əsrin ¼-ni təşkilatda vicdanla işləyən nümayəndə heyətlərinə şamil olunur. Lakin QİƏT Parlament Assambleyasının Azərbaycandan olan baş katibi Asəf Hacıyev bildirib ki, yaranmış vəziyyəti faciəyə çevirməyə ehtiyac yoxdur. Həmçinin vurğulayıb ki, Türkiyə nümayəndə heyətinin sədri hələ heç təsdiq də olunmayıb. Nəticədə, Babloyan baş katibin məsləhətinə əməl edərək bildirib ki, bu dəfəki iclasda medalı qəbul etməyənlər növbəti iclaslarda, məsələn, Bakıdakı toplantıda edə bilərlər./Virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?