Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Gundemxeber.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Bundan öncə iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.
Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq verib.
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times) -01.02.2015 Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times) -01.02.2015 2018-ci ilin dekabrın 6-da isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.
2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüşdə danışıqlara yeni impuls verib.
Belə ki, bundan sonra iki ölkə arasında danışılar prosesi bərpa edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?