Kreml anlaşmaları pozur və hücuma keçirRəsmi Bakıdan tələb olunur ki, Avrasiya İttifaqına girsin; bu baş verməsə, Putin Bakıya gəlməyəcək “Rusiya və Azərbaycan arasında müşahidə olunan yumşalma və anlaşma prosesi yenidən dalana dirənib. Kremlin bir sıra tələblərini yerinə yetirmək təəhhüdü verən rəsmi Bakı yalnız bir məsələdə - Avrasiya İttifaqına girməkdə - inad edir. Bu da Putin administrasiyasını qıcıqlandırır”. Bu məlumatı qəzetimizə Rusiyanın hakim dairələrindəki Azərbaycanla bağlı proseslərdən məlumat almaq imkanı olan mötəbər mənbəmiz verib. O iddia edir ki, Azərbaycan Avrasiya İttifaqına girməsə, Rusiya ilə münasibətlər yenidən gərginləşəcək, Putinin isə Bakıya nəzərdə tutulan səfəri baş verməyəcək. Mənbəmiz deyir ki, əslində gizli yürüdülən Azərbaycan-Rusiya danışıqları dalana dirənib və Kreml təmsilçiləri rəsmi Bakıya 10 gün müddət veriblər. Bu müddət avqust ayının ilk 10 günlüyündə başa çatır. Azərbaycan Avrasiya İttifaqına qoşulmasa, Əliyev iqtidarı nəinki Rusiyadan dəstək ala bilməyəcək, proses tamamilə bunun əksinə inkişaf edəcək. Milyarderlər İttifaqı və ona bağlı olan digər layihələr yenidən ən aqressiv şəkildə hərəkətə keçiriləcək. Bundan əvvəl də dəfələrlə qeyd edildiyi kimi, Kreml və ona bağlı olan bir sıra regional güclər Azərbaycanda destablizasiya yaradaraq, mövcud iqtidarı iş başından uzaqlaşdırmaq, ölkədə qarışıqlıq, xaos yaradaraq, bundan faydalanmaq və əlbəttə ki, Bakıda qurulacaq yeni iqtidarın şəkilləndirilməsini nəzarətə almaqla, Azərbaycana yenidən qayıtmaq planını gözləmə rejiminə qoyub. İndiki iqtidar Kremlin Xəzərlə bağlı iddialarını, Dağlıq Qarabağla bağlı irəli sürdüyü təklifləri, Avrasiya İttifaqına qoşulmağı və s. təmin etməsə, Rusiya çalışacaq ki, bütün bunları təmin edəcək yeni bir iqtidar formalaşdırsın. Trans-Adriatik qaz kəməri (TAP) layihəsini imzaladıqdan sonra Avropanın tam dəstəyini alan və bunu qarşıdakı seçki prosesinə transformasiya etdirə bilən (ATƏT-in Bakıdakı statusunun ləğv edilməsi və seçkini müşahidə etməyəcəyi gerçəyi) rəsmi Bakı əsas qorxu obyekti olan Rusiya ilə də anlaşmağa cəhdlər göstərməkdədir. Hakimiyyətdəki bəzi mənbələr deyir ki, bu cəhdlər son günlərə qədər normal gedən bir prosesi başlatmışdı. Lakin yenə Rusiya tələblərinin “dozası”nı qaldırıb. Seçkidən sonraya qalması barədə ilkin razılaşdırmaların olmasına baxmayaraq, qəfildən Azərbaycana 10 gün müddət verilir ki, ya Avrasiya İttifaqına qoşul, ya da bütün anlaşmalar sıfırlanır... Mənbələrimiz deyir ki, böyük ehtimalla Azərbaycan Rusiyanın ağır şərtlərini qəbul edəcək. “Nə qədər Avropadan və hətta Amerikadan dəstəyi olsa da, Azərbaycan iqtidarı Rusiyanın aqressiyası qarşısında bir o qədər köməksizdir. Bunu rəsmi Bakı fərq edir və bu səbəbdən də enində-sonunda, kompromisə gedəcək. Əks halda, hakimiyyətini, həm də mümkündür ki, onunla bərabər sahib olduğu böyük sərvətlərini itirəcək”, - deyir, bizim mənbəmiz. Həmin mənbəmizin iddiasına görə, Azərbaycan-Rusiya arasında aparılan və artıq anlaşmaya varıldığı güman olunan danışıqlar nəticəsində müxalifətin əsaslı hissəsinin vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinasına dair ərizəsi gecikdirilir: “Əgər iki ölkə iqtidarı anlaşmaya varsa, İbrahimbəyovun ərizəsi vaxtında həll edilməyəcək və o, Azərbaycandakı seçkilərə qatılmaq şansını itirəcək. Anlaşma əldə olunmasa, mümkündür ki, vəziyyət dəyişsin”. Bu sitat da Rusiyadakı Azərbaycanla bağlı tendensiyalardan yaxşı xəbərdar olan mənbəmizindir. Görünən budur ki, hazırkı tarixi vəziyyətdə Avropa və Amerika Azərbaycan iqtidarının yanında və dəstəyindədir. Rusiya isə nə qədər paradoksal görünsə də, xalqın və onu siyasətdə təmsil edən müxalifətin yanında imiş kimi təəssürat yaradır. Lakin Rusiyaya güvənmək və onunla hər hansı bir demokratiya layihəsində yer almaq da mümkünsüz görünür. Son gəlişmələr də bunu bir daha sübut etməkdədir. Hakimiyyəti “Milyarderlər İttifaqı”, daha sonra isə onun Azərbaycandakı uzantısı ilə təhdid edən Kreml, qəfildən bütün layihələrə STOP verdi və rəsmi Bakı ilə anlaşmaya oturdu. İndi yenidən hər şey təkrar olunarsa, Rusiya əlindəki təşkilatları yenidən “xoxan”a çevirərsə, buna təəccüblənməyə də, sonuna qədər etibar etməyə də dəyməz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?