Tərəflərin mövqeləri dəyişməyib, hər bir tərəf nizamlanmanı öz istədiyi kimi görür - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda dünənki görüşdən sonra verdikləri şərhlərdən belə nəticə çıxarmaq olar.
Danışıqlar "dərin və intensiv" xarakter daşıyırdı, 3 saatlıq görüş başa çatdıqdan sonra Azərbaycan XİN başçısı Elmar Məmmədyarov belə deyib.
O, təmas xəttində son vəziyyətin gərginləşməsini xoşagəlməz adlandırıb, bununla belə, onların danışıqların gedişatına təsir etməyəcəyini bildirib.
"Aramızda ciddi fərqlər qalmaqdadır. İrəli sürülən təklifləri başa düşürük, onlar əvvəlki təkliflərdir, biz artıq 15 ildir bu təklifləri müzakirə edirik. Daha çox siyasi iradə nümayiş etdirmək lazımdır", deyə Məmmədyarov jurnalistlərlə söhbətində bildirib.
O, "hərbiçilərin kazarmalara qayıdışını" tərəflər arasında etimadın bərpasının əsas elementi adlandırıb. Bundan başqa, tərəflərin əhalisinin sülhə hazırlanması üzrə səyləri davam etdirmək lazımdır.
Öz növbəsində, Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan təmas xəttində vəziyyətin gərginləşməsinin danışıqların gedişatına mənfi təsirini qeyd edib. Onun sözlərinə görə, Ermənistan üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsi əsas prioritet olaraq qalır.
"Bizim mövqeyimiz dəyişməyib, dəyişə də bilməzdi. Dağlıq Qarabağ maraqlı tərəf və bütün proseslərin subyektidir. Danışıqlarda irəliləyiş əldə etmək istəyimiz ciddidirsə, sabitlik hissi qorunub saxlanmalıdır. Bunu tamamilə aydın şəkildə bəyan etdik", deyə Mnatsakanyan bildirib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?