Azərbaycan dövləti xalqla məsafəni aradan qaldıraraq, sürətlə vətəndaşlara doğru yaxınlaşma kursu götürüb
Dünya 21-ci əsrin 2-ci onilliyini də bitirmək üzrədir. Bu əsr yenicə start götürəndə - təxminən 20 il əvvəl bir çoxları 21-ci əsrdə dünyanın daha ədalətli və sabitlik içərisində ola biləcəyinə ümid bəsləyirdi. Dünyada elm və texnikanın daha da inkişaf edəcəyini, insanların rifahının yüksələcəyini və rahat həyat sürəcəklərini ehtimal edirdilər.
Düzdür, elm və texnika həqiqətən də ötən əsrlə müqayisədə ciddi şəkildə inkişaf etdi və bu proses davalı xarakter daşıyır. Ancaq bütün dünya üzrə insanların rifahının yüksələcəyi və hər kəsin rahat həyat sürəcəkləri ilə bağlı ümidlərlə dolu ehtimallar özünü qətiyyən doğrultmadı.
Məsələ ondadır ki, dünyanın nəhəng dövlətləri nə qədər inkişaf edib, gücləndilərsə, digər ölkələr bir o qədər zəiflədilər və onların əhalisinin həyat səviyyəsi aşağı düşdü. Yəni gözləntilərin əksinə olaraq, dünya daha ədalətli olmadı.
Səbəbsə, çox sadədir. Güclü dövlətlər özlərinə lazım olan hər şeyə sahiblənməyə çalışırlar, xoşluqla mümkün olmadıqda öz maraqlarını zorla reallığa çevirirlər. Və bütün bunların məyusedici örnəkləri də kifayət qədərdir.
Həmin örnəklər üçün sadəcə, Yaxın Şərq regionunda baş verən qorxunc proseslərə, kataklizmlərə diqqət etmək tamamilə yetərlidir. “Ərəb baharı” dedilər, demokratiya və insan haqları vəd edib, bu regionun əhalisini ümidləndirdilər. Amma əvəzində savaşa, qanlı terror, dağıntılara və xaosa düçar etdilər. İraq formal xarakter daşıyan oyuncaq dövlətə çevrildi, Suriya ümumiyyətlə, dövlət statusunu itirdi, regionun digər dövlətlərinin isə xaosa doğru sürüklənməsi prosesi davam etdirilir.
Yaxın Şərqdə elə bir “düşmənçilik toxumu səpib, cücərtdilər”, elə bir “terror alovu” yandırdılar ki, yaxın illərdə, hətta onilliklərdə belə, söndürülməsi, hər şeyin normala döndürülməsi utopik xülya təsiri bağışlayır. Sabitlik anlayışı indi Yaxın Şərq regionu üçün əlçatmaz hədəf kimi görünür.
Yəni müasir dünya çox təhlükəli bir məkana çevrilib. Və bu təhlükəli məkanda biz də varıq... Azərbaycan da bu təhlükəli məkandadır.
Bu isə o deməkdir ki, hazırda Azərbaycan dövlətinin əsas hədəflərindən biri məhz özünü bu təhlükəli məkanın kataklizmlərindən qoruyaraq, varlığını davam etdirməyə nail olmaqdır. Halbuki Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun geopolitik şərtlərini nəzərə alsaq, istənilən xırda bir səhv, xarici təsirlərin dəf olunmasında azca gecikmə olduqca, qorxunc nəticələrə yol aça bilər. Və Azərbaycanın siyasi rəhbərliyinin indiyə qədər bu qədər həm ağır, həm də təhlükəli geopolitik şərtlər altında ölkəni qoruyaraq, üstəlik, inkişaf etdirə bilməsi təqdirəlayiqdir.
Əslində, Azərbaycan bir dövlət kimi çox ağır bir inkişaf dövrü keçib. Belə ki, dövlət yarandığı gündən kataklizmlərin içərisində olub. Bir tərəfdən Dağlıq Qarabağ savaşı, digər tərəfdən isə maliyyə-iqtisadi problemlər və daxili siyasi qarşıdurmalar ötən əsrin 90-cı illərində yenicə yaranmış Azərbaycan dövlətinin gələcək mövcudluq perspektivlərini təhlükə altında saxlayırdı.
Bu baxımdan, Azərbaycanın müasir tarixində atılmış üç önəmli addımın dövlətimiz üçün taleyüklü əhəmiyyəti mövcuddur. Birinci addım dövlət müstəqilliyi aktının qəbul edilməsidir ki, Azərbaycan bununla öz adını dünyanın müstəqil dövlətlərinin sırasına yazdırmağa nail oldu.
Ancaq yalnız müstəqilliyin elan olunması suveren dövlətin mövcudluğu və yaşaması üçün yetərli deyildi. Çünki həmin dövrdə Azərbaycan Ermənistanla müharibəyə sürüklənmişdi. Türkiyənin siyasi-mənəvi dəstəyi nəzərə alınmazsa, heç bir kənar yardıma malik olmayan Azərbaycan maliyyə-iqtisadi problemlərlə boğuşaraq, həm də Rusiyanın himayə etdiyi Ermənistanla müharibə aparmaqda çətinlik çəkirdi. Savaş müstəqil Azərbaycan dövlətinin inkişafını əngəlləyirdi və hətta gələcək mövcudluq perspektivlərini belə, təhlükə altına salırdı. Və bu vəziyyətdən bir an öncə çıxış yolu tapılmalıdı.
Və həmin çıxış yolu tapıldı. Azərbaycanın var olması üçün ikinci taleyüklü addım atıldı. Mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə atəşkəs haqqında Bişkek protokolu imzalandı. Və Azərbaycan müvəqqəti də olsa, fəal hərbi əməliyyatlardan çıxaraq, rahat nəfəs almaq, öz inkişaf perspektivlərini müəyyənləşdirmək şansı qazandı.
Ancaq sadəcə, atəşkəs yeni inkişaf dövrünə start vermək üçün qətiyyən yetərli deyildi. Ölkənin ayağa qalxıb, güclənməsi, iqtisadi yüksəliş dövrünə keçməsi üçün mütləq sabit maliyyə qaynağı tapmaq lazım idi. Əks halda, sosial-iqtisadi problemlərin boy göstərdiyi, bəzi ətraf dövlətlərin daxili sabitliyi pozmağa can atdığı bir vəziyyətdə gənc Azərbaycan dövləti üçün atəşkəsin elə bir ciddi əhəmiyyəti qalmazdı.
Və çox keçmədən arzulanan sabit maliyyə qaynağı da tapıldı. Belə ki, yenə də mərhum prezident Heydər Əliyevin təşəbbüsü və səy sayəsində Azərbaycan gələcək mövcudluq perspektivlərini müəyyənləşdirən Əsrin Müqaviləsi imzalandı. Bununla tarixi əhəmiyyətli üçüncü addım da atılmış oldu.
Nəticədə Azərbaycan sürətlə inkişaf və güclənmə dövrünə qədəm qoydu. Ötən əsrin 90-ci illərində bəzi xarici təsirlərlə və daxili meyllərlə israrla qeyri-sabitliyə doğru sürüklənməkdə olan Azərbaycan indiki inkişaf səviyyəsinə nail oldu.
Əlbəttə ki, bütün bunlar ardıcıl siyasi kursla mümkün oldu. Rəqiblərimiz və düşmənlərimiz yerində sayarkən Azərbaycan öz Silahlı Qüvvələrini yenidən quraraq, modernləşdirdi və Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevirdi. Ötən əsrin 90-cı illərində, atəşkəs müqaviləsindən öncə “donuzlarımız kürdən su içəcək” deyərək, lovğalanan ermənilər, indi güclü Azərbaycan ordusunun bir gün mütləq reallaşacağı qətiyyən şübhə doğurmayan zəfər hücumunu dəf etməyin mümkün olub-olmayacağını müzakirə etmək məcburiyyətində qalıblar. Sovet dövründən qalma paytaxtlarında daşı-daş üstünə qoymayan ermənilər yenidən qurulmuş və tamamilə fərqli şəhərə çevrilmiş Bakıya heyrət edirlər. Azərbaycan vətəndaşının yaşam səviyyəsi ilə öz miskin sosial durumlarını müqayisə etdikdəsə, ermənilərin məyus olduqları və ümidsizliyə qapıldıqları qətiyyən şübhə doğurmur.
Ancaq Azərbaycan vətəndaşları da qətiyyən unutmamalıdırlar ki, bütün bunlar dövlətin gələcəyə yönəlik xüsusi planlaması və həmin planlamanın reallaşdırılmasında önəmli rol oynayan ölkədaxili sabitliyin qorunması sayəsində mümkün olur. Və bu sabitliyin davamlı olması, həmişə qorunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Əks halda, Azərbaycan da regional qonşularımızda baş verən olaylarla üz-üzə qala bilər.
Məsələ ondadır ki, bir müddət öncə Ermənistanda sabitlik pozulmuşdu. Nəticədə hakimiyyət dəyişikliyi yaşandı. Bu dəyişiklik Ermənistana yaxşı heç nə vəd etmədi. Əksinə, Ermənistanın siyasi sistemi ciddi şəkildə zəiflədi. Mövqelərini möhkəmləndirməyə nail olmamış yeni Ermənistan hakimiyyəti indi xarici təsirlər qarşısında aciz durumdadır. Və tezliklə Ermənistanda sabitliyin pozulması, dərin xaos dönəminin başlanma ehtimalı artıq daha inandırıcı görünür.
Eyni sözləri qonşu Gürcüstan haqqında da söyləmək olar. Belə ki, son günlər bu qonşu ölkə də ciddi daxili qarşıdurmalara və toqquşmalara məkan olmaqdadır. Bu ölkədə də sabitliyin pozulma ehtimalı tamamilə realdır.
Təbii ki, heç bir dövlət belə kataklizmlərdən qətiyyən sığortaqlanmayıb. Dünyanın ən inkişaf etmiş dövlətlərindən olan Fransada baş verən olayları xatırlamaqla buna əmin olmaq mümkündür. Belə ki, Fransa həftələrlə “sarı jiletlilər”in dağıdıcı aksiyaları qarşısında aciz qaldı. Həmin “sarı jiletlilər”in Fransa ilə ziddiyyətləri olan xarici dövlətlərin biri tərəfindən aktivləşdirilməsi barədə iddialar var və bu, tamamilə inandırıcı görünür. Belə ki, Fransa prezidenti E.Makron NATO-ya alternativ kimi qəbul olunan yeni Avropa ordusunun yaradılması barədə iddianı gündəmə gətirdikdən sonra onun ölkəsində bu kataklizmlər müşahidə edilməyə başlamışdı.
Bütün bu örnəklər bir daha onu göstərir ki, Azərbaycan dövlətinin əsas hədəfi məhz ölkədaxili sabitliyin qorunmasıdır. Və Azərbaycan prezidenti İlham Əliyevin ölkədaxili sabitliyin davamlı olması istiqamətində atdığı bütün addımlar, o cümlədən, son qərarlar dövlətin gələcək mövcudluq və inkişaf perspektivləri baxımından, taleyüklü xarakter daşıyır.
Məsələ ondadır ki, hazırda Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunda geopolitik situasiya olduqca həssasdır. Dünyanın bəzi nəhəng dövlətlərinin bu regionda olduqca ciddi maraqları var. Və həmin dövlətlər öz maraqlarını təmin etmək üçün bu regionda situasiyanı nəzarətdən çıxartmağa, xaosun hökmranlığını bərqərar etməyə çalışırlar.
Onu da qeyd edək ki, hazırda Cənubi Qafqazın xaosdan yayınmasında xüsusi rol oynayan, bu regionda nisbi sabitliyin qorunmasını təmin edən dövlət məhz Azərbaycandır. Prezident İlham Əliyevin balans siyasəti həm Azərbaycanın, həm də ümumilikdə regionun səhnəarxası xarici müdaxilələrdən yayındırılmasına imkan verir. Bu balans siyasəti Azərbaycana regionda maraqları olan dövlətlərlə eyni məsafədə dayanmasına, qarşıduran tərəflərin ölkəmizə qarşı loyal mövqe tutmasına, Azərbaycanın regionda maraqları olan dövlətlərin hər birisi üçün əhəmiyyətli tərəfdaş olmasına şərait yaradır.
Ancaq bütün bunlarla arxayınlaşmaq olmaz. Ona görə də Azərbaycan prezidenti ölkənin inkişafının və təhlükəsizliyinin davamlılığını təmin etmək üçün gələcəyə yönəlik önəmli addımlar da atmaqdadır. Həmin addımların sırasında prezidentin başlatdığı islahatlar prosesini göstərmək olar. Bu baxımdan, sosial, iqtisadi, siyasi, hüquqi və kadr islahatları ilə bağlı önəmli məsafənin qət edildiyini qeyd etmək mümkündür.
Məsələ ondadır ki, son illərdə vətəndaşların sosial-rifah vəziyyətinin daha da yaxşılaşdırılması üçün əmək haqları və təqaüdlər bir neçə dəfə artırılıb. Və prezident bu prosesin davamlı olacağını bəyanlamaqla, Azərbaycan dövlətinin sosiallaşdırılması niyyətlərinin ciddiliyinə əminlik yaradıb.
Bu, həm də onu göstərir ki, Azərbaycan dövləti xalqla məsafəni aradan qaldıraraq, sürətlə vətəndaşlara doğru yaxınlaşma kursu götürüb. Eyni zamanda, elektron dövlət sistemi və ASAN XİDMƏT sayəsində bəzi məmurların vətəndaşları dövlətdən narazı salan davranışlarının minimuma endirilməsinə nail olunub. İndi bu sistemlərin sayəsində vətəndaşlar hər hansı məmurla üz-üzə gəlmədən öz problemlərini birbaşa dövlətin özü ilə həll edə bilirlər.
Təbii ki, prezidentin atdığı bu addımlar ilk növbədə vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına olan ehtiyacdan qaynaqlanır. Eyni zamanda, bu addımlar Azərbaycanın daxilində xarici mərkəzlərin tətiklədiyi qarşıdurma ehtimalının qarşısını elə əvvəlcədən alınması baxımından da böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycana qarşı düşməncə fəaliyyət göstərən bəzi xarici mərkəzlərin dövlətin qayğı göstərdiyi vətəndaşı öz ölkəsinin əleyhinə tətikləməsi qətiyyən mümkün deyil.
Bütün bunlara paralel olaraq, Azərbaycan prezidenti İlham Əliyev bir sıra peşəkar kadrları ön plana çıxartmaqla da dövlətin siyasi gücünü maksimum həddə qədər artırmağa çalışır. Çünki Azərbaycanın ətrafında, eləcə də yaxın və uzaq regionlarda baş verən kataklizmlər ölkənin necə ciddi təhlükələrlə üz-üzə qala biləcəyini göstərir. Və atılan addımların əsas hədəfi də məhz həmin kataklizmlərin Azərbaycana transformasiya olmasının qarşısını elə əvvəlcədən almaqdır.
Bütün bunlar Azərbaycanı xaosdan, xarici güc mərkəzlərinin ölkəyə sızdırmağa çalışdıqları qarşıdurmalardan, kataklizmlərdən qorumağa yönəlik və ölkədaxili sabitliyə təminat verilməsinə indeksləşmiş siyasi kursun ilkin şifrələrdir. Bütün dünya ölkələri üçün sabitliyin ən önəmli faktora çevrildiyi müasir dövrümüzdə prezidentin bu siyasi kursunun davamlı olması Azərbaycan üçün taleyüklü xarakter daşıyır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?