Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü qoruyub saxlayır. Bu üstünlük işğalçı ölkədə keçən il baş tutmuş hakimiyyət dəyişikliyindən sonra da dəyişməyib. Çünki Ermənistan ətrafındakı sərt reallıqlar dəyişməz qalır. Blokada rejimində və Rusiyadan vassal asılılığında olan, üstəgəl, sanballı təbii sərvətlərdən və dünya okeanına çıxışdan məhrum cırtdan ölkə böyük iqtisadi islahatlara və zəngin büdcəyə ümid edə bilməz. Odur ki, ümid qalır yalnız Kremlin “səxavəti”nə. Rusiya isə silah-sursatı güzəştli qiymətlərə elə-belə vermir.
“İlin sonuna və ya gələn ilin əvvəllərinədək biz Rusiyanın Su-30 SM qırıcılarının tədarükünə başlayacağına ümid edirik”. “Yeni Müsavat”ın “Sputnik”ə istinadən verdiyi məlumata görə, bunu dünən jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyan deyib.
Yada salaq ki, Ermənistan Rusiyanın ayıracağı üçüncü - 100 milyonluq silah krediti çərçivəsində 4 ədəd Su-30 SM müasir qırıcısı aldığını bəyan etsə də, rəsmi Moskva bu qırıcıların Rusiyanın Ermənistandakı hərbi bazasına göndəriləcəyini bildirib. Başqa sözlə, əslində Su -30 SM-lərin pultu da “İsgəndər M”-lər kimi Moskvanın əlində olacaq, İrəvanın yox.
Tonoyan həmçinin jurnalistlərin ölkəyə digər silahların tədarükü ilə bağlı sualını da cavablandırıb. Erməni nazir bir sıra məsələlərin detallarını aça bilməyəcəyini, amma Ermənistanı “hərbi sürprizlər gözlədiyini” də söyləyib. Məsələn, Ermənistana “Tor” zenit-raket komplekslərinin daxil olub-olmadığı barədə suala Tonoyan belə cavab verib: “Onu deyə bilərəm ki, ”Tor" çox maraqlı silahdır. Bizim bu xüsusda müvafiq gözləntilərimiz var".
Məlumat üçün bildirək ki, “Tor” kompleksləri hərbi, iqtisadi və başqa obyektlərin taktiki səviyyədə havadan müdafiəsi üçün nəzərdə tutulub. Az öncə İrəvandakı telekanallardan biri Ermənistanın Rusiyadan “Tor” kompleksləri alacağını bildirmişdi.
*****
Bu arada ordusuna düz-əməlli çağırışçı tapılmayan ölkənin baş naziri Nikol Paşinyan növbəti özündənrazı bəyanat verib. Belə ki, “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, dünən Müdafiə Nazirliyinin inzibati kompleksində çıxış edən Paşinyan deyib: “Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial düşmənlərimiz başa düşsünlər ki, bizimlə döyüşmək mənasızdır. Mübarizənin nəticəsi məlumdur - düşmənin məğlubiyyəti və bizim qələbəmiz”.
Əlbəttə ki, sözdə çox şey bəyan eləmək olar. Ancaq 2016-cı ilin “4 günlük” aprel müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməz. Bu, artıq istisnadır. Təbii ki, Moskva Bakının xeyrinə olan hərbi balansın bərpası üçün İrəvana vaxtaşırı müəyyən silahlar və hərbi texnika verəcək - ilk növbədə də öz maraqları naminə. Ancaq bu silah və texnika nə qədər ucuz qiymətə və güzəştli kreditlər hesabına çatdırılsa da, bahalı döyüş sistemləri ilə bağlı İrəvanın Azərbaycanla ayaqlaşması mümkün deyil. Çünki iki ölkənin iqtisadi-maliyyə imkanları müqayisəyə gəlməz dərəcədə fərqlidir.
Demək, Paşinyan hökuməti qeyri-real şeylərdən danışmaqdansa, konfliktin dinc həll yolu barədə düşünsə daha yaxşı olar. Üstəlik, elə bir dövrdə ki, Kreml Nikol Paşinyana etimad göstərmir. Əksər politoloqlara görə, Moskva hələ də Qərblə Rusiya arasında ikili oyun oynamağa çalışan Paşinyan hökumətinin yekun məqsədinin nə olduğunu anlamır. Bu üzdən Moskva Ermənistana satılan təbii qazın qiymətini belə, hələ ki Paşinyana təzyiq vasitəsi kimi açıq saxlamaqdadır...
*****
Bu da var ki, İrəvanın Rusiyadan gözləntisi olduğu kimi, Moskvanın da ermənilərdən gözləntisi var - həm də kifayət qədər böyük. Məsələn, məlumdur ki Rusiya gərgin münasibətlərdə olduğu, qərbyönlü Gürcüstanı daxildən zəiflətmək üçün “erməni kartı”ndan, o sırada Cavaxetiya ermənilərindən zaman-zaman yararlanmağa çalışır.
Bir çox təhlilçilərə görə, Gürcüstanla sərhəddə yerləşən “Keçikçidağ” məbədi ətrafında vaxtaşırı törədilən və iki qonşu ölkənin arasını vurmağa yönəlik təxribatlarda da məhz “erməni izi” var. Daha doğrusu, Rusiya ermənilərin əli ilə buna çalışır. Bu ilin 20 yanvarında (“Qara yanvar” günü) Cavaxetiyada erməni terrorçusu, Qarabağda dinc azərbaycanlılara qarşı cinayətlər törətmiş Mixail Avakyana büstün qoyulmasında da eyni hədəf güdülürdü. Yeri gəlmişkən, büst hələ də öz yerindədir.
Bundan əlavə, məlumdur ki, Gürcüstanın ermənilər yaşayan Samsxi-Cavaxetiya bölgəsində yerli erməni əhali arasında neçə vaxtdır “Rusiyanın Cavaxetiya diasporu” adlı separatçı təşkilat fəal iş aparır. Bugünlərdə həmin təşkilatın Rusiyada kök salmış lideri Aqasi Arabyanın Rusiyanın erməniyönlü KİV-i “Regnum”da Tiflis əleyhinə məqaləsi dərc olunub. Məqalədə gürcü dövləti əleyhinə növbəti təhdidlər yer alıb.
Aydındır ki, bu kimi şantaj yazıların arxasında ən əvvəl Moskvanın iradəsi dayanır. Rusiya çox arzulayır ki, ermənilərin əli ilə Gürcüstan üçün də bir “Qarabağ ssenarisi” oynasın, bu ölkəni bir daha parçalasın. Gürcüstanda vəziyyətin qarışması isə sözsüz ki, Azərbaycanın cari və strateji maraqlarına cavab vermir.
Odur ki, “Keşikçidağ” presedenti xüsusən də rəsmi Tiflis üçün siqnal olmalıdır. Belə ssenariləri yalnız Gürcüstan və Azərbaycan birgə, təmkinlə, sinxron siyasət hesabına zərərsizləşdirə bilər. Çünki hər iki ölkə, obrazlı desək, çoxdan “eyni qayıq”dadır...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?