Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə olunmazdır. Məhz buna görə də Ermənistan “keyfiyyət üstünlüyünə” diqqəti yönəldəcək.
Bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. Nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək.
“Və siz də gördünüz ki, biz indi rəqibin tədrici irəlilməsini neytrallaşdırmağa imkan verən silahlar alırıq”-Tonoyan belə deyib. Və dəqiqləşdirib ki, söhbət həm də SU-30SM qırıcılarından gedir. Ermənistan bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 belə qırıcı alacağını elan edib.
Lakin Tonoyanın sözlərinə görə, Ermənistan hücum silahları da almağa başlayıb. Onun fikrincə indi çox şey dəyişir-müdafiə siyasətinin qurulmasında psixologiya, yanaşmalar fərqlidir. Tonoyan deyib ki, min illərin təcrübəsinə əsasən daim müdafiədə oturan ordu sonda məğlub olur.
“Ona görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”-Tonoyan bildirib.
“Erməni ordusu hücuma keçəcək?”-müxbir ona dəqiqləşdirici sual verib. “Nəyə görə də yox!”-Tonoyan bildirib.
Müdafiə naziri onu da deyib ki, Ermənistan Rusiyadan silah almaq üçün daha 100 milyon dollar güzəştli kredit götürəcək. Və bu vəsait imkan verəcək ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirsin. Lakin Tonoyan bu kredit çərçivəsində hansı silahların alınacağını deməyib, bunun hərbi sirr olduğunu bildirib.
Xatırladaq ki, Rusiya son illərdə Ermənistana əvvəlcə 300 milyon, daha sonra 100 milyon dollar güzəştli silah krediti verib.//Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?