Rusiyanın son “Məxməri inqilab”dan sonra Ermənistanda formalaşmış hakimiyyətə münasibəti birmənalı deyil.
Kreml devrilmiş “Qarabağ klanı”na, Robert Köçəryan-Serj Sarkisyan cütlüyünə açıq dəstək verir. Bu dəstəyi Moskva dəfələrlə açıq şəkildə ifadə edib. Hətta Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə də Rusiya “Qarabağ klanı”nın rəhbərlərinə verdiyi dəstəklə yeni hökumətə təzyiq edirdi.
Bəzi analitiklər Rusiyanın bu təzyiqlərinin sonda Ermənistanda yenidən hakimiyyət dəyişikliyinə səbəb olacağını da istisna etmir. İşğalçı Ermənistanda mövcud siyasi vəziyyətin gərginləşdiyi bir dövrdə, Rusiya Prezidenti Vladimir Putin yenidən ciddi siyasi gediş edib. Belə ki, Prezident Putin Ermənistanın hazırda həbsdə olan eks-prezidenti Robert Köçəryana 65 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Kremlin rəsmi saytında dərc olunan məktubda Putin Köçəryanın İrəvanla Moskva arasında “müttəfiqlik münasibətlərinin möhkəmlənməsindəki “ciddi rolunu”” qeyd edib: “Hörmətli Robert Sedrakoviç, 65 illiyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Öz çoxillik dövlətçilik fəaliyyətinizlə Siz həmvətənləriniz arasında və xaricdə hörmət qazanmısınız, müasir Ermənistanın inkişafına, Zaqafqaziyada təhlükəsizliyin və stabilliyin təmin olunmasına əhəmiyyətli töhfə vermisiniz”.
Putin habelə Köçəryana “möhkəm cansağlığı və dözüm” də arzulayıb. Qeyd edək ki, “Qarabağ klanı”nın liderlərindən biri hesab olunan Robert Köçəryan Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən və azərbaycanlılara qarşı hərbi cinayətlər törədənlərdən biridir. Hazırda o 2008-ci il 1 mart hadisələrinə görə mühakimə olunur, dövlət quruluşunu zorla dəyişdirmək cəhdi, dinc nümayişçilərə qarşı silah işlədilməsinə əmr vermək kimi ağır cinayətlərdə ittiham edilir. Putinin Köçəryana göndərdiyi bu dəstək məktubu Paşinyan hakimiyyəti üçün ciddi siyasi təzyiq kimi də şərh olunur.
Maraqlıdır, Paşinyanı nə gözləyir? Bunu Ermənistanda hakimiyyət dəyişikliyinə növbəti mesaj saymaq olarmı?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Putinin Köçəryana verdiyi dəstək hakimiyyət dəyişikliyinin mesajı deyil:
“Ancaq bu, Rusiyanın Ermənistan hakimiyyətinə həm dəstək, həm də ciddi siyasi təzyiqin göstəricisidir. Putin Köçəryanın azadlığa buraxılmasını tələb etmir, çünki ortada ciddi hüquqi faktlar var. Bu faktlar isə erməni xalqının güllə-baran edilməsi ilə bağlıdır. Bu prosesdə müəyyən mənada Rusiya da iştirak edir. Bu baxımdan Rusiya birbaşa müdaxilə etmir ki, beynəlxalq ictimai rəydə ona qarşı əks fikir formalaşmasın. Kreml birbaşa müdaxilə etmir, ancaq bu cür təbriklərlə əslində Paşinyanın diqqətinə çatdırılır ki, Köçəryanın həbsdə qalması Rusiya üçün arzuolunmazdır. Bu da dolayısı ilə erməni hökumətinə ciddi təzyiq olaraq dəyərləndirilməlidir”.
Ermənistan hakimiyyət dəyişikliyinə gəlincə isə N.Miri hesab edir ki, Rusiya bu istiqamətdə hələlik ciddi addım atmayıb:
“Çünki bu cür erməni ictimaiyyətində anti-Rusiya ovqatı daha güclüdür. Digər tərəfdən Paşinyan hökumətindən də erməni xalqının gözləntiləri var. Çünki xalq Paşinyanı çiynində iqtidara gətirib. Paşinyanın xalqa verdiyi vədlər var ki, bu də davam edir. Bununla yanaşı, Rusiyanın dəstəklədiyi “Qarabağ klanı”nın bu gün Ermənistan cəmiyyətində o qədər də ciddi siyasi dəstəyi yoxdur. Ona görə də Rusiya hakimiyyət dəyişikliyi üçün ilk növbədə xalqın mövcud iqtidara qarşı etirazını təmin etməlidir. Ancaq bu gün Paşinyan hökumətinə qarşı kütləvi narazılıqlar yoxdur. Bu baxımdan, Putinin Köçəryana təbriklərini siyasi təzyiq kimi dəyərləndirilməlidir. Amma düşünürəm ki, Paşinyan hakimiyyəti bu cür təzyiqlərlə Köçəryanı azadlığa buraxmayacaq. Köçəryan, həqiqətən də, indiki vəziyyətdə Paşinyan üçün ciddi başağrısına çevrilə bilər. Köçəryan kimi cinayətkarların həbsdə olması xalq arasında həm də Paşinyan hakimiyyətinin mövqeyini gücləndirir. Çünki Köçəryan və Sarkisyan hakimiyyəti cinayətkar və korrupsioner hökumət kimi tanınır. Etirazlar, mitinqlər zamanı da Paşinyanın cinayətkarların həbsdə oturacağı ilə bağlı verdiyi vədlər var. Bu vədlər çərçivəsində Köçəryanın həbsdə olması Paşinyan hakimiyyətinə müsbət mənada imic qazandırır. Digər tərəfdən Paşinyan Köçəryanı Rusiya ilə ciddi bazarlıq predmetinə çevirə bilər. Hansı ki, hələlik Rusiyanın güzəştə gedəcəyi hiss olunmur. Belə “bazarlıqlar” meydana çıxmadıqca, Köçəryan həbsdə qalacaq”.
Sorğu
Yeni dizaynımız necədir?