Qasim Süleymaninin öldürülməsi barədə yeni iddia ortaya atılıb. Ovqat.com xəbər verir ki, Rusiyada yayımlanan realtribuna.ru saytı Qasim Süleymaninin öldürülməsində Azərbaycan izi axtarmağa cəhd göstərib.
Saytın mülahizələrinə görə, İran generalının koordinatlarını ABŞ-a Azərbaycandan uçub İraqda kəşfiyyat aparan İsrailə aid pilotsuz təyyarələr ötürüb. Guya, bunun üçün çox saylı səbəblər də var. Bunlardan biri də Livan Hizbullahı, Yəmən husiləri kimi terror qruplaşmalarının Qasim Süleymaninin nəzarətində olmasıdır.
İddianın əsaslandırmasına gəlincə, Azərbaycanın məşhur nəşrlərindən “Zerkalo” qəzetinin hansısa yazısına istinad edilir. Bildirilir ki, həmin yazıda müəllif Azərbaycanın regionda vəziyyətin pisləşməsinə hazır olub-olmaması barədə xeyli düşündükdən sonra bu qərara gəlib: “Məhrum Mühəndis İraqa dronların hardan uçması barədə əbəs yerə danışmayıb”.
Bu cümlədən hərəkət edən realtribuna.ru “analitiki” “Zerkalo” qəzetinin İraqa göndərilən İsrail dronlarının Azərbaycandan havalandığını dolayısıyla etiraf etdiyini düşünür. Və xatırladır ki, barəsində bəhs olunan həmin şəxs Qasim Süleymani ilə birlikdə Bağdadda ABŞ tərəfindən qətlə yetirilən Yaxın Şərqin məşhur siyasi və hərbi lideri Əbu Mehdi əl-Mühəndisdir.
İddianın, arqument və əsaslandırmanın nə qədər absurd olduğu ortadadır.
Əvvəla, hansısa mətbu nəşrdə dərc olunan konteksdən çıxarılmış bir cümlə bu qədər ciddi iddia irəli sürmək üçün nə dərəcədə önəmli əsas sayıla bilər? Axı Azərbaycanın Silahlı Qüvvələri, XİN kimi rəsmi qurumlar dəfələrlə ölkəmizdə nəinki İsrailə, hər hansı başqa dövlətə aid hərbi birləşmələrin olmadığını bəyan ediblər. Bu qədər ciddi qurumlar dura-dura, hansısa bir nəşrin mülahizəsinə əsaslanmaq nə qədər doğrudur?
Üstəlik, ölkəmiz Qoşulmayanlar Hərəkatının sədri kimi ötən il Bakıda bu qurumun 18-ci sammitini keçirib və 60 yaxın dövlətin prezidentini və hökumət başçısını ağırlayıb. Sözsüz ki, həmin ölkə təmsilçiləri Bakıya təşrif buyurmaqla Azərbaycanın Qoşulmayanlar Hərəkatının prinsip və Nizamnaməsinə tam sədaqətlə bağlı qaldığını qəbul ediblər. Həmin prinsiplər isə qurumun adından da göründüyü kimi, hansısa hərbi bloka qoşulmamağı nəzərdə tutur. Nəzərə alsaq ki, İran da bu sammitdə ölkə prezidenti səviyəsində iştirak edirdi, rəsmi Tehranın da dolayısıyla bu faktı təsdiqlədiyi nəticəsi ortaya çıxır. Əks halda adama deyərlər; Azərbaycan əgər öz ərazisində İsrail hərbçilərini yerləşdiribsə və bu hərbi hissələrdən İranda kəşfiyyat uçuşları həyata keçirilirsə, o zaman sənin Bakıda keçirilən Qoşulmayanlar sammitində nə işin vardı?
Digər tərəfdən, Süleymaninin Livanda Hizbullahı, Yəməndə husiləri nəzarət altında saxlamasının Azərbaycana nə dəxli? Axı bu təşkilatların heç biri ölkəmizi təhdid etmir. Əksinə, yeri gələndə ortaq mədəni dəyərlərimiz feilən onların əməllərini dəstəkləməsək belə, bizi qəlbən öz məzhəbdaşlarımızın məğlubiyyətini də arzulamamağa vadar edir. Elədirsə, onlara nəzarət edən hansısa generalın sıradan çıxarılmasında Azərbaycanın nə marağı ola bilər? Bu işdə yalnız İsrail maraqlıdırsa, Azərbaycan niyə öz dövlət mənafeyini deyil, Təl-əvivin mövqeyini düşünməli və buna görə dindaşlarına qənim kəsilməlidir? Aydın görünür ki, kimsə Azərbaycanı dövlət ədəbindən uzaq, heç bir strateji hədəfləri olmayan, dost-yaxın tanımayan, İsrailin boyunduruğu altında çabalayan ölkə kimi tanıtmaqda maraqlıdır.
Məlumdur ki, hər bir dövlətin istəsə də, istəməsə də regional maraqlardan doğan yükümlülükləri var və bu öhdəlikləri onların geopolitik mövqeləri müəyyənləşdirir. Başqa sözlə desək, ölkələrin bir təbii, bir də dövlət sərhədləri olur. Təbii sərhədlər bir çox hallarda dövlət sərhədlərinin hüdudlarını aşır və qonşu ölkələrin müəyyən ərazisinə qədər uzanır. Dövlətlərin xarici siyasətlərini, hərbi-strateji hədəflərini da təbii sərhədləri formalaşdırır. Necə ki, İranın qərbdən dövlət sərhədləri Şəttül-ərəb çayından başlayıb Ağrıdağa qədər uzansa da, təbii sərhədləri Aralıq dənizində tamamlanır. Bu gün cənub qonşumuzun İraqı, Suriyanı, Livanı öz ölkəsi kimi qoruması, onlarla generalını, yüzlərlə əsgərini şəhid verməsi də məhz bu zərurətdən doğur. Eynilə Azərbaycanın da cənubdan təbii sərhədləri Fars körfəzində, Hind okeanında bitir. Ən azı ona görə ki, bu ölkədə milyonlarla soydaşımız, eyni mədəniyyət dairəsinə daxil olduğumuz dindaşlarımız yaşayır və İran bizim isti dənizlərə açılan qapılardan biridir. Dövlət maraqlarımız istər-istəməz qeyri-mədəniyyət dairəsinin təmsilçiləri mübarizəsində İranın tərəfini tutmağımızı şərtləndirir.
Bundan əlavə, xüsusilə Azərbaycan kimi kiçik dövlətlər geopolitik mövqelərinin gətirdiyi cizgilərdən kənara çıxa bilməzlər. Buna ilk növbədə yaxın qonşuluq münasibətlərdə bulunduqları dövlətlər imkan verməzlər. Sirr deyil ki, bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə və İranla əhatə olunan ölkəmizin hərbi-siyasi oriyentasiyası həm də qonşularımızın maraqlarıyla bağlıdır. Hər 3 dövlətin isə ölkəmizdə ciddi nəzarət mexanizmləri var və onlar Azərbaycanda başqa dövlətin hərbi bazalarının yerləşdirilməsinə qətiyyən razı olmazlar. Xüsusilə bu, İsraildirsə. Zira nə Rusiya, nə Türkiyə, nə də İran İsraillə o qədər xoş münasibətdə deyillər və Cənubi Qafqazın ürəyi sayılan Azərbaycanı öz yanlarında görmək istəyirlər. Təbii ki, rəsmi Bakı regional maraqları gözardı edərək İsraillə bu cür hərbi əməkdaşlıqlara istəsə belə gedə bilməz. Özəlliklə də bu, təbii sərhədlərimizdən doğan maraqlarımıza zidddirsə...
Ən əsası isə, ABŞ və ya İsrailin Qasim Süleymaninin yerini müəyyənləşdirmək üçün öz dronlarını Azərbaycan ərazisindən qaldırmağa belə ehtiyacı yoxdur. Nədən ki, İraq bizdən məsafə olaraq xeyli uzaqda yerləşir. Bizdən oraya dron uçurmaq üçün ən azı İranın ərazisindən keçilməlidir. İranın isə sərhədlərimizdə güclü radar sistemləri qurulub və əlbəttə, nəinki dronların, hətta quşların belə uçuşunu izləyir. İsrail hər an yaxalana biləcəyi halda niyə məhz Azərbaycan-İran-İraq marşrutunu seçməlidir? Axı onun öz ərazisi belə İraqa bizdən daha yaxındır. Üstəlik, istər İraqda, istərsə də Suriyada kifayət qədər ABŞ hərbi bazaları var və onların əsas missiyası İrandan Suriyaya, Livana uzanan geniş ərazilərə nəzarət etməkdir.
Heç uzağa getməyək, Süleymaninin qətlindən sonra İranın vurduğu hərbi bazalarda saxlanılan dronlarla bu ölkədə daha rahat kəşfiyyat işləri aparmaq olar. İraqda isə xeyli sayda bu cür ABŞ hərbi bazaları var və bunu rəsmi Tehranın özü də etiraf edirlər. Qasim Süleymaninin qətlindən sonra İran hədəflərində bir neçə hərbi baza olduğunu, onlardan əksəriyyətinin yaşayış massivlərinin yaxınlığında yerləşdiyi üçün vurmaqdan vaz keçdiklərini rəsmən bildirmişdi. Bu etiraf İraqda Qasim Süleymanini izləyə biləcək kifayət qədər ABŞ bazasının olduğunu təsdiqləyir. Həmin bazalar varkən, Pentaqonun sözdə Azərbaycanda yerləşdirilmiş İsrail dronlarının kəşfiyyat məlumatlarına möhtac olmasını düşünmək sağ qulağı sol əllə qaşımaqdan belə məntiqsiz görünür.
Yaxud Suriya-İraq sərhədlərində yerləşən əl-Tanf hərbi bazasını götürək. Bu bazanın sırf İranın Suriya və Livandakı hərəkətlərinin izlənilməsi üçün qurulduğunu Pentaqonun özü belə gizlətmir. ABŞ-ın Yaxın Şərq əməliyyatlarını həyata keçirən CENTCOM-un komandiri Cozef Votel 2 il əvvəl “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində də bunu etiraf edərək deyirdi: “Əl-Tanf bazasındakı əsgərlərimizin diqqəti birbaşa İrana cəmləşməsə belə, yenə də Tehranın ölkədəki sabitliyi pozan hərəkətlərinin qarşısını alır. Varlığımızla İranın fəaliyyətinə dolayı yolla təsir etmək imkanımız var. Əməliyyatlarımızla onların bölgədə birtərəfli hədəflərini həyata keçirməsini çətinləşdiririk".
ABŞ və İsrailin bölgədə İranın fəaliyyətini izləmək üçün bu qədər geniş imkanları varkən, Azərbaycanda mövcudluğu fərz edilən hərbi bazadakı dronlar olduqca təhlükəli marşrut üzrə İraqa nə üçün göndərilməlidir?
Üstəlik, mərhum Qasim Süleymani Bağdad hava limanının daşınmaz əmlakı deyildi ki, onun yerini təsbit etmək üçün hansısa dron kəşfiyyata göndərilsin. Hər zaman hərəkət edən, bulunduğu yer gizli saxlanılan, öldürüldüyü gün Suriyadan İraqa uçan general, sözsüz ki, daima ABŞ-ın nəzarətində olub. Onun hərəkətini, telefon danışığını, planlaşdırdığı əməliyyatları izləmək üçün tələb olunan ləvazimat isə mütləq onun ətrafında fırlanmalıydı. Əgər bütün bu funksiyaları həqiqətən İsrail dronu tərəfindən həyata keçirilibsə, deməli onun saxlanıldığı ərazi də Azərbaycanda yox, Qasim Süleymaninin yaxınlığında olub.
Hər şey bu qədər aydın olduğu halda, generalın ölümündə Azərbaycan izi axtarmaq Krilovun məşhur “Qurd və quzu” lətifəsinə oxşayır. Hansı ki, qurd quzunu yemək üçün min bir bəhanə uydurur, amma o arqumentlərin heç birini quzuya şamil etmək mümkün deyil.
Belə görünür ki, Süleymaninin ölümündə Azərbaycan izi axtaranlar da İranı qurd, bizi isə quzu zənn edir. Amma unudur ki, müasir dünyanın hələ ki bir qurdu var – ABŞ. Bu qurdun gözünə quzu görünən isə İrandır. İranın ideoloji savaş mütəxəssisləri regionun qurdu olmaq xülyalarından əl çəkib, quzu vəziyyətindən çıxmaq haqqında düşünsələr daha rasional addım atarlar və bu, yuxarıda qeyd etdiyimiz səbəblərdən həm də bir dövlət kimi bizim maraqlarımıza uyğun olar.
Regional ortaq maraqlar bizi eyni mövqedə birləşdirdiyi halda, Qasim Süleymaninin öldürülməsiylə bağlı bu cür absurd fikirlər ortaya atanlar bizim istəyimizdən asılı olmayan təbii müttəfiqliyimizi pozmağa çalışanlardır. Sözsüz ki, bu iddianın ortaya atılmasında Rusiyanın media aləmində güclü olan erməni maraqları aydın görünür. Nə yazıq ki, onlara bu iddianı irəli sürmək üçün əsas verən isə İranın nə danışdığını bilməyən ayətullahlarıdır. O ayətullahlar ki, rəsmi Bakının bütün israrlı bəyanatlarına baxmayaraq, hələ də Azərbaycanda yerləşdirilən İsrailə məxsus kəşfiyyat dronlarının mövcudluğundan danışırlar və uydurduqları nağıllarla ölkələriniz arasındakı ortaq maraqlardan doğan təbii müttəfiqliyimizə zərbə vururlar. Bir növ, təkcə bizim deyil, özlərinin də oturduğu budağı kəsməyə çalışırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?