80 saylı İmişli-Beyləqan deputatlığa namizəd, yazıçı Kəramət Böyükçöl rəqibi lider namizəd elan edilən Çingiz Qənizadə ilə bağlı yazı yazıb.
Gundemxeber.Az sozcu.az-a istinadla həmin yazını təqdim edir:
“Çingiz Qənizadənin bir adamı var. Öz kəndçimizdir. Seçki boyu onunla çox görüşlərimiz oldu. Hətta bir dəfə oturanda mənə dedi ki, icazə ver Çingiz müəllimi də çağırım, gəlsin. Dedim, düşmən deyil ki. Rəqibdir. Gəlsin. Gəldi. Oturduq. Xeyli ordan-burdan danışdıq. Süfrə açıldı. Çingiz müəllim məni o ki var təriflədi. Sağlığıma 50 qram vurdu da. Dedi, sən bizim cəmiyyətin Kefli İsgəndərisən. İstədim deyəm ki, sən də Şeyx Nəsrullahsan. Ayıb elədim, demədim. Dedi, sən düz danışırsan, bilirəm, amma elə şeylər var ki, onunla barışmaq lazımdır. Başqa cür mümkün deyil. Hiss elədim ki, çəkinə-çəkinə danışır. Əsas məqsədin deyə bilmir. Ayrılandan sonra kəndçimiz dedi ki, Çingiz müəllim sənin xətrini əvvəldən çox istəyir. Sənlə açıq danışacaqdı, qorxdu ki, səsin yazasan. Elə mənə dedi ki, Kəramət kasıb oğlandır, bəlkə ürəyindən nəsə keçir? Desin, eləyim. Bəlkə yaxşı bir işə qoyum, işləsin. Ya bir rəqəm desin, eləyim, çəkilib getsin. Dedi, digər namizəd Xanhüseyn Kazımlının qızına yuxarıdan dəstək yoxdur. O biri namizəd İxtiyar Şirinovun oğluna da yuxarıdan dəstək yoxdur. Dəstək olsa, müəllim onları geri götürdər. Açıq dedi ki, Çingiz müəllim səndən başqa özünə rəqib görmür. O mənada görmür ki, sən jurnalistsən, yazıçısan, cəmiyyətdə tanınırsan, ona qarşı narazılığı ictimailəşdirmək imkanların var, güclü müşahidəçilərin olacaq və s. Müəllim də istəyir ki, bu mənada ona maneə olmayasan. Təbii, razılaşmadım. Dedim, mən deputat seçilməsəm də, 5-3 ləyaqətli adamın yanında hörmətim var, burda görüşlər keçirmişəm, camaata haqdan, ədalətdən, vicdandan danışmışam, demişəm ki, səsinizi pula satmayın. Bundan sonra özümmü pula satılım?Hər şey bir yana qalsın, körpə övladlarımın üzünə baxa bilmərəm. İstəmirəm onların ləyaqətsiz bir atası olsun. İsrar elədi ki, 42 min seçicidən 30 mini sənə səs versə də, seçilməyəcəksən, uşaq deyilsən ki… Bir biznesmenə də zəng elətdirdi. Razılaşmadım. Axırda dedilər, onda Çingiz müəllimdən heç nə yazma. Qayıtdım ki, yazmasam, ta bu seçkidə mənim varlığımla yoxluğumun nə fərqi oldu? Həm də yalan yazmıram, o etiraz videoları saxta deyil ki… Hamısı həqiqətdir. Nə isə. Mübarizəmiz davam edir. Məntəqələrdə baş verən saxtakarlıqla bağlı bütün video-faktlar aktlarla birlikdə artıq MSK-ya təqdim olunub və yavaş-yavaş ictimailəşdirilir. Seçdirilməsəm də, məni tanıyanlar bilir ki, pula satılmadım, mübarizəmi sivil qaydada sona kimi apardım və aparacam da. Yenə də haqq-ədalətin zəfər çalacağına bir inam hissi var məndə. O mənada ki, 80 saylı dairənin saxta nəticələri ləğv olunub yenidən seçkilər keçiriləcəyinə ümidim var. Amma bütün hallarda əsas odur ki, əxlaqımı bu seçkidən sağ-salamat çıxara bildim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?