“Kibertəhlükəsizlik strategiyası” ilə bağlı müzakirələr bir qədər vaxt aparıb. Bu strategiyanın hazırlanması Nazirlər Kabinetinin iş planına uyğun həyata keçirilib. Dövlət qurumlarının iştirakı ilə müzakirələr başa çatdıqdan sonra nəticələr ali orqanların diqqətinə çatdırılıb".
Bunu Bakıda keçiriləcək "Kibertəhlükəsizlik həftəsi"nə həsr edimiş mətbuat konfransında adıçəkilən strategiyanın hazırlanmasının yubanması ilə bağlı "Report"un sualını cavablandıran Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib. O gecikməni strategiyaya bəzi əlavələrin edilməsi ilə izah edib: “Burada vacib məqam ortaya çıxmışdı. İnformasiya təhlükəsizliyi məsələləri həmin "Kibertəhlükəsizlik strategiyası"nda o qədər də əksini tapmayıb. Amma bu olduqca vacib məsələdir. Ona görə də hazırda bu iki məsələnin birləşdirilərək "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası" adında vacib sənədin hazırlanması istiqamətində işlər aparılır. “Kibertəhlükəsizlik” dedikdə biz daha çox kiberfəzada baş verən proseslərdən bəhs edirik. İnformasiya təhlükəsizliyi isə sırf kibertəhlükəsizliyi nəzərdə tutmur. Bilirsiniz ki, müasir dövrdə informasiya müharibələri baş verir, eyni zamanda kiberfəzadan kənar olaraq informasiyanın qorunması, radiotezliklər və s. məsələlər gündəmdədir. Ona görə də bu proseslər bir-birinə bağlı olduğu, onun infrastruktur mexanizmləri oxşar olduğu üçün onların vahid sənəd altında birləşdirilməsi qərarı qəbul olunub. Fikrimcə, qısa zamanda bu məsələ öz həllini tapacaq”. Nazirlik rəsmisi əlavə edib ki, digər qanunvericilik aktlarının hazırlanması istiqamətində də işlər aparılır: "Bu sənəd qəbul olunandan sonra bundan irəli gələn normativ aktların qəbulu nəzərdə tutulur. Bu istiqamətdə işlər də aparılır. Xüsusi olaraq deyim ki, fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır, yüksək səviyyəli işçi qrupu formalaşıb. Nazir müavininin rəhbərliyi altında bu proses gedir. Bəzi qanunlara dəyişikliklər ediləcək. Ümumiyyətlə, fərdi məlumatların qorunmasına yanaşmamız da dəyişə bilər".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?