Stanislav Çernyavskiy: “Moskvanın Gürcüstanla münasibətləri doğrudan da yaxşılaşdırmaq niyyəti olsaydı, Azərbaycana müraciət etmək kifayət idi”
“Azərbaycan son 10 il ərzində Cənubi Qafqaz regionunun real liderinə, qlobal proseslərin aktiv iştirakçısına çevrilib”.
APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Məkanı Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyaмvskiy Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Dəyişən dünyada Cənubi Qafqaz” II forumunda çıxışı zamanı deyib.
O Azərbaycanda iqtisadiyyatın və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyib. Stanislav Çernyayevskinin sözlərinə görə, Azərbaycan pozitiv nəticələr verən sistematik siyasəti ilə seçilir.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən Stanislav Çernyavskiy deyib ki, bütün cəhdlərə rəğmən münaqişənin sülh yolu ilə həlli nəticə verməyib: “Bu vəziyyət Azərbaycanı yüz minlərlə məcburi köçkünün həyat şəraitini yaxşılaşdırmaq üçün külli miqdarda vəsait sərf etməyə, hərbi xərclərini artırmağa sövq edir. Bütün bu vəsait təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin də rifahına sərf oluna bilərdi. Əgər Ermənistanla saziş imzalansaydı, bu sazişdən iqtisadi baxımdan udan tərəf Ermənistan olardı. Münaqişənin həll olunmaması bütün xalqın yaddaşında sağalmayan yaraya çevrilib”.
Stanislav Çernyavskinin fikrincə, vəziyyətdən ən yaxşı çıxış yolu Madrid prinsipləri çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsidir: “Azərbaycan rəhbərliyi hadisələri müdrikcəsinə dəyərləndirərək münaqişənin davam etməsinə imkan verməyib. Deməliyəm ki, Rusiya Azərbaycan diplomatiyasının uğurlarını tam dəyərləndirmir. Çünki əgər Moskvanın Gürcüstanla münasibətləri doğrudan da yaxşılaşdırmaq və bərpa etmək niyyəti olsaydı, Azərbaycana müraciət etmək kifayət idi. Çünki Azərbaycan Gürcüstanda son dərəcə yüksək nüfuza malikdir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?