Bu gün dünyada qlobal humanizmin, sülhün və ədalətin təmin olunmasına İkinci Dünya müharibəsindən sonra qurulan BMT Təhlükəsizlik Şurasının 5 dövləti cavabdehdir. Əslində isə bu gün dünyada xaosun və anarxiyanın əsasını qoyanlar elə obyektivlikdən və humanizmdən danışan BMT Təhlükəsizlik Şurasındakı həmin hegemon dövlətlərdi. Bu o dövlətlərdir ki, öz maraqlarına görə dünyada istismarın, soyqırımlarının və kütləvi ölümün XXI əsrdə belə davam etməsinə şərait yaradır.
İkinci Dünya müharibəsindən ötən 75 il ərzində dəfələrlə dünyanın ayrı-ayrı yerlərində müxtəlif xalqları istismar edən, qan tökən dövlətlər sırasında ən birincilər cərgəsində isə Fransa dayanır. Bu, o Fransadır ki, Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini qətlə yetirib.
Paris Cənubi Qafqazda 30 ildən sonra sülhün əldə edilməsindən narahatdır. Təəssüflər olsun ki, rəsmi Paris Cənubi Qafqazda sülhün əldə edilməsindən sonra da sakit dayanmaq niyyətinin olmadığını sübut etməkdədir. Fransanın yüksək vəzifəli şəxsləri planetin müxtəlif münaqişələrində olduğu kimi, Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə ilə bağlı da sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar etməkdədirlər.
Paris meriyası qondarma respublikanı tanımaq istəyir. Yaxın günlərdə Paris meriyasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına hazırlıqların getdiyi məlumatları yayılmağa başlayıb. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Parisin meri Enn İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir, təsadüfi deyil ki, ən yaxın müavinlərindən biri milliyyətcə erməni Anuş Toronyandır. Paris şurasında Fransa prezidenti Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası geniş şəkildə təmsil olunur. Bu, ondan xəbər verir ki, qondarma respublikanın mümkün tanınması Fransanın şəhər kommunalarında olduğu kimi, Parisdə də Makronun sifarişi və nəzarəti ilə həyata keçirilir.
Makronun hakimiyyətə gəlişi ilə Fransa Qarabağdakı separatçıları hər zaman açıq-aşkar dəstəkləyib. Hələ bir neçə il əvvəl, separatçı rejimin keçmiş rəhbəri Bako Saakyanın Fransaya səfəri, fransız merlərin və bələdiyyə rəhbərlərinin Qarabağa qanunsuz səfərləri, eyni zamanda, separatçı rejimlə əlaqəli atılan digər qanunsuz addımlar Parisin separatçılığı dəstəkləməsinin nümunələridir.
Bundan başqa, sentyabrın 27-dən bu günə qədər həm Makron, həm də Makronun rəhbərlik etdiyi Fransa hökumətinin Xarici işlər naziri Jan İv Le-Drian tərəfindən də münaqişənin nizamlanmasına xələl gətirən və separatizmi dəstəkləyən bəyanatlar olmuşdu.
Burada xüsusilə vurğulamaq lazımdır ki, hərbi əməliyyatların getdiyi dövrdə Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Eyni zamanda, Makron şəxsən Paşinyana Azərbaycanın müharibədə qalib gəlməsinə imkan verməyəcəyinə söz verib. Bəs Makronun özünü bu qədər həyasızcasına aparmasına səbəb nədir? Şam yeməklərində erməni dostları ilə badələri erməni xalqının şərəfinə qaldıran Makron bu gün bəşəriyyət qarşısında dayanan qlobal problemlərə qarşı mübarizə aparmaq, Fransa daxilində dinlər və xalqlar arasında problemləri həll etməkdənsə “ermənidən daha çox erməni” rolunu oynamağa başlayıb. Fransanın beynəlxalq ictimaiyyətin işğalçı dövlət kimi tanıdığı Ermənistanın yanında dayanması bu dövlətin maraqlarının deyil, Makronun şəxsi maraqlarının təzahürüdür. Fransa unutmamalıdır ki, Avropa İttifaqının əsas iki dövlətindən biridir, Azərbaycan isə İttifaqın iqtisadi və siyasi tərəfdaşıdır. Bu kimi addımlar atmaqla Makron Avropa İttifaqının ümumi maraqlarına zərbə vurur və təşkilat daxilində “parazit” rol oynadığını isbatlamış olur.
Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Fransa, həm də Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır.
Lakin Fransa bu narahatlığı həm də yersizdir. 30 il idi ki, Parisin təmsil olduğu ATƏT-in Minsk qrupu Azərbaycanı öz aləmində aldatmaqla məşğul idi. Artıq birmənalı şəkildə demək olar ki, Fransa bu əməlləri ilə Minsk qrupundan qovulmasının əsasını qoydu. Azərbaycan nümayəndə heyəti Fransanın dərhal danışıqlar prosesindən rədd olması üçün bütün imkanlardan istifadə etməli, münaqişənin nizamlanması prosesinə, məsələn, Avropa İttifaqının digər aparıcı dövləti sayılan Almaniya gətirilməlidir.
Fransanın Minsk qrupundan qovulmasının əsas səbəbi kimi isə bu dövlətin ölkə daxilində 20 faiz legitimliyə malik olan “lideri”nin ədalətsiz siyasəti göstərilə bilər. Sanki bu adam Fransanın deyil, Ermənistanın dövlət başçısıdır. Makron Fransa tarixinin ən zəif siyasətçisi və dövlət başçısı hesab olunur. Dünyada heç bir nüfuza malik olmayan bu şəxs prezident seçildikdən sonra Fransada vəziyyət bütün sahələrdə pisləşib. Xeyli müddətdir ki, ölkəni etiraz aksiyaları bürüyüb. "Sarı jiletlilər"in aksiyaları güc strukturlarının zorakılığı, qeyri-insani rəftarına məruz qalıb. Aksiyaları dağıtmaq üçün hətta qadağan edilmiş vasitələrdən də istifadə edilib. Ölənlər, xeyli yaralananlar və həbs edilənlər var. Aksiyaçılar ölkədəki duruma, vergilərin artmasına, qiymətlərin bahalaşmasına etiraz edirlər. Amma Makron bu problemlərin həlli istiqamətində heç bir addım atmır. Eyni zamanda Fransa daxilində ciddi şəkildə multikulturalizmin iflasını görməkdəyik. Fransa vətəndaşı olan Afrika və Asiya xalqlarına qarşı dini və etnik ayrı-seçkilik, yerli və gəlmə əhali arasında bu yaxınlardakı qarşıdurma əslində Makronun təxribat xarakterli çıxışlarının təzahürü idi.
Beləliklə, biz Fransa prezidenti Makronun çox təhlükəli siyasətinin şahidiyik. Bu siyasət Cənubi Qafqazı yeni müharibə meydanına çevirməklə yanaşı, Fransa daxilində də vətəndaş müharibəsini alovlandıra bilər. Fransa prezidenti unutmasın ki, terrorçuların və separatçıların yanında durmaqla öz xalqını da təhlükə qarşısında qoyur. Bir də yaxşı olar ki, öz tarixinə nəzər salsın.
Elə yaxın keçmişdə Əlcəzair xalqı Fransanın hakimiyyəti altında olduğu 132 il (1830-1962) ərzində müstəqillik uğrunda mübarizə aparıb, bu mübarizəni əzən Fransa 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı törədib. Bundan başqa, Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirib. Fransanın soyqırmı keçmişi yalnız Əlcəzair və Vyetnamla da məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törədib, əhalini ölkəni tərk etməyə məcbur edib, dinlərini dəyişdirib, onlara ən adi insani yaşamaq haqqı verməyib. XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olub. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğulub, yüz minlərlə insan öldürülüb. Bununla yanaşı, Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam ediblər. Lakin bu da son deyil. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirib, İslam dinini qadağan edib, din xadimlərini öldürüb, on minlərlə insanı yaşamaq hüququndan məhrum edib. 1881-ci ildə isə Fransa Tunisi işğal edib. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçiriblər. Bu gün isə Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Digər tərəfdən Makron yaxşı olardı ki, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.
Əslində, Makrondan başqa nə gözləmək olar ki?.. Avtobioqrafiyası bu şəxsin hansı dəyərlərə sahib olduğunun göstəricisidir. Türkiyə Prezidenti bu yaxınlarda Makron haqqında layiq olduğu ifadəni işlətmişdi. Yəqin çoxunun xatırindədir...
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?