Sabah Rusiyada Ermənistan rəhbərinin “yararlılıq müddəti” uzadıla bilər; rusiyalı politoloq: “Ona başa salınacaq ki, Zəngəzur dəhlizinin reallaşmasını uzatmasın...”
Sabah - aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək. İlkin məlumatlara görə, görüşdə ikitərəfli münasibətlərin hazırkı durumu, 44 günlük müharibədən sonra imzalanmış anlaşmaların taleyi diqqət mərkəzində olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin-Paşinyan görüşündə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sazişlərinin yerinə yetirilməsinin gedişi müzakirə olunacaq.
Qeyd edək ki, 2-ci Qarabağ savaşından və 10 noyabr kapitulyasiya aktını imzaladıqdan sonra Nikol Paşinyan yalnız bircə dəfə - yanvarın 11-də Rusiya paytaxtında olub. Həmin tarixdə də Azərbaycan Prezidenti İlham Əliyevin iştirak elədiyi görüş zamanı tərəflər əsasən kommunikasiyaların açılmasına dair “yol xəritəsi”ni nəzərdə tutan yeni üçtərəfli sənədi təsdiqləyiblər.
İlham Əliyevin bu dəfə də üçtərəfli müzakirələr üçün Moskvaya gedəcəyi barədə hələlik mötəbər bilgi yoxdur. Bəzi ehtimallara görə, kommunikasiyanın açılması ilə bağlı razılaşmaya dair rəsmi sənədin imzalanmasına hazırlıq gedir ki, Paşinyanın sabahkı Moskva ziyarəti bu prosesin mühüm tərkib hissəsidir. Çünki əldə edilmiş iki razılaşmanın həyata keçməsi ilk növbədə məğlub tərəf kimi daha böyük öhdəliklərə imza atan Ermənistandan və onun rəhbərliyindən asılıdır. İddialara görə, 11 yanvar sazişində nəzərdə tutulmuş üçtərəfli işçi qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun az öncə Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı prosesin məhz bu yöndə olduğu qənaətini gücləndirir.
*****
Aydındır ki, Ermənistan götürdüyü öhdəliklərdən boyun qaçıra bilməz. Bu, Putinin dediyi kimi, özünəqəsd olardı. Ona görə ki, sənədlərin altında Rusiya prezidentinin də imzası durur və Moskva hər iki anlaşmanın həyata keçməsində maraqlı olduğunu dəfələrlə rəsmi İrəvanın diqqətinə çatdırıb. Hərçənd Ermənistanın daxili siyasi böhrandan çıxmaq üçün erkən seçkilər zolağına girməsi Paşinyana Kremldən və hətta Bakıdan bəzi imtiyazlar və kömək istəməsi fürsəti yaradır. Yəni ki, “seçkiləri uğurla yola verək, sonra öhdəliklərin icrasına davam edərik” məntiqi.
Sözsüz ki, xüsusən də müharibədən sonrakı həssas dönəmdə və Moskva-Vaşinqton münasibətlərinin ikinci “soyuq savaş” dövrünə girdiyi dövrdə Ermənistanın nümayişkaranə formada Rusiyanın təsir dairəsindən çıxıb Qərbə kurs götürməsi mümkün deyil. Bəzi siyasi şərhçilər isə hesab edirlər ki, Paşinyanın özü belə, seçki ərəfəsində Rusiya liderinin dəstəyini almaq üçün Moskvaya səfərə hazırlaşır və elan ediləndən fərqli olaraq, Rusiyada əsas müzakirənin 20 iyun seçkiləri ətrafında olacağı ehtimalı çox böyükdür.
Bu da faktdır ki, Nikol Paşinyanın hərbi çevriliş yolu ilə hakimiyyətdən devrilməsinə ötən kritik 5 ayda əsas əngəl məhz Moskva, şəxsən Putin olub. Məhz Rusiya rəhbəri Ermənistandakı bütün qaynar başları, o cümlədən revanş hissi ilə alışıb-yanan Qarabağ klanını, digər rusiyayönlü qüvvələri və generalları yerində oturdub. Ona görə yox ki, sorosçu baş nazirə xüsusi simpatiyası yaranıb. O səbəbə ki, Paşinyan 10 noyabr 2020-ci ildə onun “fincanına” süzüləni hələ axıradək içməyib. Başqa sözlə, 10 noyabr və 11 yanvar üçtərəfli yazılı razılaşmasındakı öhdəliklərin hələ hamısını yerinə yetirməyib.
Bundan ötrü onun hətta 20 iyun seçkilərindən sonra da iqtidarda qalması Moskvanın yaxın pespektiv maraqlarına cavab verir. Bu xüsusda Moskva səfərinin ikinci əsas hədəfi Rusiya rəhbərliyindən “qələbə” xeyir-duası almaq və seçkiyədək isə Rusiyaya bağlı qüvvələrin “zəncirdə saxlanması”nı istəmək də ola bilər.
*****
Nikol Paşinyanın iqtidarda qalması hələ ki Azərbaycanın da cari və yaxın perspektiv maraqlarına uyğundur. Hər necə olmasa, Paşinyan Azərbaycan ərazilərinə bir daha erməni hərbçisi göndərməmək barədə qərarın müəllifidir. Bu mənada istisna deyil ki, rəsmi Bakı Ermənistanda radikal-revanşist qüvvələrin ciddi uğur qazanmaması üçün seçkilər ərəfəsində bizdə saxlanılan diversantların bir qismi Ermənistana verilsin. Hansı ki, mütləq Paşinyanın reytinqinə işləyəcək.
Eyni zamanda bu məsələdə Azərbaycana beynəlxalq təpkiləri səngidə bilər. Bakı buna yəqin ki, həm də konkret qarşılıq hesabına gedəcək. Misal üçün, niyə də qarşılığında erməni tərəfdən mina xəritələri tələb edilməsin?..
“Paşinyanın bu həftə Moskvaya edəcəyi səfərin əsas məqsədi Ermənistanda növbəti hakimiyyət müddəti üçün Moskvadan ”knyazlıq" etiketi əldə etməkdir. Moskvada Ermənistanın baş nazirinə bir daha Zəngəzur nəqliyyat dəhlizi layihəsinin icrasına ən qısa müddətdə başlamağın zəruriliyi izah ediləcək".
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı tanınmış siyasi və hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.
*****
Bu arada Azərbaycan və Türkiyənin növbəti birgə təlimə hazırlaşdığı məlum olub. Təlimlər plan əsasında olsa da, vaxtı diqqətçəkicidir: 6-8 aprel. Yəni Paşinyan Moskvada Putinlə müzakirələr aparacağı gün. Beləcə, iki qardaş dövlət Moskvada bölgə ilə bağlı krtik danışıqlar aparıldığı vaxt birgə “əzələ nümayişi” göstərir.
Rəmzi mesaj aydındır: üçtərəfli sənədlər vaxtında yerinə yetirilməli, kommunikasiyalar vaxtında açılmalıdr. Yoxsa “dəmir yumruq” heç yerə yox olmayıb, əksinə, ötən müddətdə daha da cilalanıb.../musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?