Fransa və Kanada Xarici İşlər (XİN) nazirliklərinin rəsmi “Twitter” səhifələrində Azərbaycan tərəfindən üç erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva məlumat verib.
O xatırladıb ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirləri qarşı tərəfə təhvil vermişdi.
“Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırıldıqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində dörd nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb”, - deyə L.Abdullayeva əlavə edib.
XİN rəsmisi Fransa və Kanadanın xarici siyasət qurumunun diqqətinə çatdırıb ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
“Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4 000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.
Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?