"Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir”.
Bunu siyasi şərhçi Asif Nərimanlı iyunun 3-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasından danışarkən deyib.
O bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır:
"Türkiyənin hərbi bazalarının mövcud olduğu ölkələr arasında Qoşulmama Hərəkatına üzv olanlar da var: İraq, Somali, Livan, Əfqanıstan, Qətər və s. Bu ölkənin bazasının qurulması Azərbaycanın hansısa hərbi bloka qoşulması demək deyil və iki ölkə arasında hərbi əməkdaşlığın səviyyəsi buna imkan verir. İstisna deyil ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Türkiyənin Azərbaycan hərbi mövcudluğunun rəsmiləşdirilməsi məsələsi müzakirə olunacaq. Bu, indiki dövrdə hərbi baza kimi olmasa belə hansısa təmsilçilik formatında mümkündür”.
A.Nərimanlının sözlərinə görə, iclasda Ərdoğanın Bakı səfərində imzalanacaq sənədin hazırlığının həyata keçiriləcəyi ehtimalı böyükdür:
"Bu kontekstdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirovun "Anatolian Phoenix-2021” təliminin "Yüksək müşahidəçi günü”ndə iştirak etmək məqsədilə Konya şəhərinə getməsi diqqət çəkir və bu, Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyi versiyasını da ön plana çıxarır.
Mümkündür ki, hərbi mövcudluq (hərbi baza, yaxud təmsilçilik – hərbi hava bazası da ola bilər) Zəngilanda olsun. Bu bölgə Zəngəzur dəhlizinə yaxındır, Türkiyə bununla dəhlizin gələcək təhlükəsizliyini Naxçıvandan və Zəngilandan nəzarət altına alır. Son olaraq, Zəngilanda aeroportun inşası layihəsinin mövcudluğu da diqqət çəkir. Proseslərin inkişafı Ərdoğanın səfəri öncəsi Türkiyə və Azərbaycan generallarının qarşılıqlı səfərləri ciddi hazırlığın aparıldığını deməyə əsas verir”./sfera.az/
Sorğu
Yeni dizaynımız necədir?