Prezident İlham Əliyevin sərəncamı ilə yeni hökumətin tərkibi formalaşıb. DİA.AZ-ın məlumatına görə, yeni hökumətdə müdafiə naziri Səfər Əbiyevi Zakir Əsgər oğlu Həsənov əvəz edir. Zakir Həsənov kimdir?
Həsənov Zakir Əsgər oğlu — Azərbaycan Respublikası Daxili İşlər nazirinin sabiq müavini, Daxili Qoşunların sabiq Komandanı, general-leytenant. 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?