Yeni başa çatmış Ermənistan seçkilərində rəqabətdə olan saysız-hesabsız siyasi qüvvələrin çıxışlarını dinləsəydiniz, sizdə belə bir təəssürat yarana bilərdi ki, keçən ilki II Qarabağ Müharibəsində Ermənistan Azərbaycan tərəfindən məğlub edilməyib. Ermənilər reallıqdan uzaq, xəyali bir aləmdə vurnuxurlar və hələ də bu paralel dünyada yaşamaqda davam edirlər.
Ukrayna əsilli britaniyalı siyasi elmlər üzrə professor Taras Kuzionun ABŞ-a bağlı “eurasiareview.com” saytında gedən “Six Reasons Why Armenian Election Outcome Will Not Lead To Peace Treaty” (Erməni seçkilərində əldə olunan nəticələrin sülh müqaviləsinə gətirib çıxarmayacağını əks etdirən altı səbəb) adlı müəllif yazısında deyilir ki, Ermənistanda türk qonşularına qarşı köhnə miflərə söykənən təkəbbür var. Onlar məğlubiyyətin günahını Türkiyənin Azərbaycana verdiyi dəstəyin üzərinə ataraq, Ermənistanın hərbi məğlubiyyətindən doğan üçtərəfli anlaşmanın şərtlərinin həyata keçməsinin qarşısını alırlar. Ermənistanın müharibədən sonrakı gerçəyi qəbul etmək istəməməsi göz qabağındadır.
Eyni zamanda, Böyük Britaniyaya qarşı yönəlmiş ittihamlarda uydurma konspirasiya nəzəriyyəsinə əsasən, sui-qəsd planları və casusluq iddiaları yer alır. Bu sırada “UNICEF” (BMT-nin Uşaq Fondu) və İngiltərədə yaradılan “Halo Trust” (müxtəlif ölkələrin ərazisini minalardan təmizləməyə kömək edir - E.H) təşkilatlar da yer alır. İrəvanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri olan Richard Giragosian Ermənistanda yaşayan casus maniyasını və əcaib konspirasiya nəzəriyyələrini müharibədən sonra yaşanan məğlubiyyətin inkarından doğan simptomlar kimi xarakterizə edir. I Qarabağ müharibəsindən sonra Ermənistan özünün yenilməzliyi haqqında mif yaratmışdı. O vaxt Ermənistanın Azərbaycan üzərində əldə etdiyi qələbədə Sovet və Rusiya hərbi yardımının oynadığı önəmli rol haqqında isə bir kəlmə də demirdilər. Fevralda baş vermiş hərbi çevriliş cəhdindən sonra keçirilmiş iyun seçkiləri də erməni siyasətinin illüziya dünyasına son qoya bilmədi. Erməni cəmiyyəti müharibə sonrası bölücü və düşmənçilik ritorikası səsləndirən bir seçki ilə qütblərə bölündü. 2020-ci ilin noyabr ayında atəşkəs razılaşmasını imzalayan, “xain” və “kapitulyasiya” adlandırılan Nikol Paşinyana hələ də ittihamlar yağdırılır.
Müəllif yazır: “Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün təşviqat aparan yeganə tanınmış siyasi qüvvə keçmiş prezident Levon Ter-Petrosiyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasıdır. Bu partiya sadəcə 1.54 faiz səs aldı və parlamentdən kənarda qaldı”.
Seçkiləri ikinci yerdə başa vuran Robert Köçəryan isə Ermənistan ordusunun yenidən qurulması, Rusiya ilə daha sıx əlaqələrin yaradılması və Ermənistanın Rusiya-Belarus Birliyinə qoşulmasını təbliğ edir. Bu yolla keçən ilki müharibədə itirilən ərazilərin geri alınmasını istəyir, Rusiya ilə daha yaxın inteqrasiyaya çağırır. 90-cı illərin əvvəllərində olduğu kimi, Rusiyanın gələcəkdə baş verəcək hərbi əməliyyatlarda Ermənistana kömək edəcəyinə ümid verən fikirlər səsləndirir. Robert Köçəryan hələ də Ermənistanın milli təhlükəsizlik problemini Azərbaycanla sülh yolu ilə həll etməkdən imtina edir. Erməni ziyalısı Jirayr Liparityan bu davakar ritorikanın “fantastik hesablamalara, yalançı strategiyalara və həqiqəti görməzlikdən gələn faktlara əsaslandığını” söyləyir. Nikol Paşinyan parlamentdəki revanşist müxaliflərinin təklif etdiyi kimi Rusiya ilə daha sıx inteqrasiya siyasəti aparır.
Müəllif vurğulayır ki, bütün erməni siyasi qüvvələri Rusiyanın BMT və digər beynəlxalq təşkilatlardakı Krımla bağlı mövqeyini dəstəkləyir. Ermənistanın xarici, müdafiə və milli təhlükəsizlik rəsmiləri Krım məsələsində Rusiyanı açıq şəkildə müdafiə edir. Revanşistlər Köçəryanın simasında Krımla bağlı Rusiyanı dəstəkləməkdə daha açıq və daha diplomatikdirlər. Krımla iqtisadi və nəqliyyat əlaqələrinin qarşısını alan beynəlxalq sanksiyalara məhəl qoymayan Ermənistan keçən ay işğal altındakı yarımadaya birbaşa uçuşa başlayıb.
Seçkilər nəticəsində qütbləşməsi daha da dərinləşən, real dünyada yaşamaq istəməyən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını çətinləşdirən əsas amil ermənilərin bu işə həvəs göstərməməsidir. Prezident İlham Əliyev “Əgər sülh müqaviləsi yoxdursa, deməli, sülh yoxdur” fikri ortada olan təhlükəli vəziyyətdən xəbər verir. Ona görə də aşağı intensivliyi ilə seçilən münaqişənin davam etmə ehtimalı yüksəkdir. Ermənilər keçən ilki məğlubiyyətdən irəli gələn altı gerçəyi qəbul etməsə, sülh müqaviləsinin əldə olunması mümkün olmayacaq.
Müəllif nəzərdə tutduğu gerçəkləri aşağıdakı kimi təsnif edir:
Bir: ilk reallıq Ermənistanın Azərbaycanı məğlub etdiyi 1988-1994-cü illərlə bağlıdır. O vaxtkı yeddi illik müharibənin sonunda Azərbaycan məğlub olmuşdu. Ermənistan isə bununla müqayisədə cəmi 44 gündə hərbi məğlubiyyətə uğradı. Ermənistan keçən ilki müharibə zamanı hərbi texnikasının böyük bir hissəsini itirdi və atəşkəsə razı olmasaydı, silahlı qüvvələrin tamamilə itirə bilərdi.
İki: Ermənistan Ordusu XX əsr Sovet hərbi texnikaları əsasında formalaşıb. Azərbaycan Ordusu isə XXI əsr silahları ilə təchiz edilib. Ən müasir rus raketi olan “İskəndər” İsrailin “Barak” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilir. Nikol Paşinyanın Rusiya silahlarının təsir gücünün zəifli haqqında dedikləri fevralda hərbi çevrilişə cəhdlə nəticələnir.
Üç: Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməlidir. Bu reallıq Ermənistanın heç bir yerində özünə yer tapmayıb. Erməni liderlər özlərini elə aparırlar ki, guya keçən il elə önəmli bir hadisə baş verməyib. Bu düşüncə ilə də diplomatik və hərbi fəaliyyət göstərməkdə davam edirlər. Erməni diplomatlar digər ölkələri “Artsaxın müstəqilliyini” tanımasına təşviq etmək üçün lobbi fəaliyyətlərini davam etdirməyə çağırırlar. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ xalqının öz torpaqlarında suverenlik hüququ əldə etməsinin Ermənistanın xarici siyasətinin başlıca vəzifəsi olaraq qaldığını” söyləyir.
Dörd: İtirilmiş ərazilərin geri alınmasına dəstək olan revanşist ritorikası yalnız seçki və siyasi məsələ deyil. 2020-ci ilin noyabrında imzalanmış atəşkəsdən bəri Ermənistan hərbçiləri Rusiya “sülhməramlılarının” heç bir maneəsi olmadan Dağlıq Qarabağada təxribat törədirlər. Ermənistan təxribatçıları Azərbaycana göndərməyə davam edir. Ermənistan təhlükəsizlik qüvvələri Qarabağda özünə sadiq silahlı birləşmələrə maddi dəstək də verir. Rusiyanın “sülhməramlı” qüvvələri “inşaat” yük maşınlarında daşınan silahlara məqsədli şəkildə göz yumur.
Beş: Erməni hərbçilər Azərbaycan tərəfindən əsir götürüldü və onlar “terrorçu” kimi mühakimə olundu. Rəsmi Bakının gözündə onlar atəşkəs razılaşmasına əsasən, hərbi əsir kimi tanınmırlar. Atəşkəsdən bəri ələ keçirilən iki “terrorçu” qrupu rəsmi Bakı Ermənistanın həmişə mövcud olmadığını iddia etdiyi mina xəritələri qarşılığında sərbəst buraxdı. 1994-2020-ci illərdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon dünyanın ən çox minalanmış bölgəsidir. 15 erməni “terrorçu"su Ağdamdakı 97.000, digər 15 nəfəri isə Füzuli və Zəngilan rayonlarını əhatə edən 92.000 mina xəritəsi ilə dəyişdirildi. Üçüncü reallıq ikincidən qaynaqlanır; məhz Ermənistan Azərbaycanla sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara daha ciddi və peşəkarcasına yanaşmalıdır. Sərhəd SSRİ-də mövcud olan respublikalararası “sərhədlərə” əsasən tənzimlənməlidir. Aydındır ki, İrəvan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımayanadək Ermənistan sərhədlərin müəyyənləşməsinə və delimitasiyasına ciddi yanaşmayacaq. Bu iki məsələ bir-birinə bağlıdır. Dördüncü: Qarabağdakı Rusiya “sülhməramlı"ları Ermənistan və Azərbaycanın, yəni hər ikisinin razı olduğu təqdirdə bir daha beş illik mandat əldə edə bilər. Ermənistan Rusiya “sülhməramlı”larının Dağlıq Qarabağda qeyri-müəyyən bir müddətə qədər qalmasını istəyir. Çünki Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq qəbul etmək zərurətini bu yolla təxirə salmağa çalışır.
Azərbaycanın Rusiya “sülhməramlıları”nı iki səbəbə görə beş illik müddətdən sonra ərazidə qalmasını dəstəkləməsi çətin olacaq.
Birincisi, Rusiyanın “sülhməramlıları”nın mövcudluğu Şimali Qarabağdakı erməni hərbi qruplarına hərbi yardımı asanlaşdırır.
İkincisi, Rusiyanın “sülhməramlıları”nın bölgədə olması rəsmi İrəvanın Dağlıq Qarabağın Azərbaycan daxilindəki statusu ilə bağlı ciddi və peşəkar şəkildə danışıqlar aparmasına mane olur.
Üçüncüsü, Rusiya indi Türkiyə ilə Cənubi Qafqazda rəqabətdədir. Bu, Türkiyə və Azərbaycan tərəfindən iyun ayında imzalanan “Şuşa Bəyannaməsi”ndə aydın şəkildə göründü. Bu anlaşma İrəvanda ciddi narahatlıqla qarşılandı. Əslində isə bu, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskinin dediyi Avrasiyada “geosiyasi plüralizm” kimi qiymətləndirilməlidir. Ermənistan Türkiyənin Cənubi Qafqazda iştirak etmək hüququnu inkar edərək, Avrasiyanın Rusiyanın müstəsna təsir dairəsi olduğunu iddia edən Kremllə eyni fikirdədir. Rusiya 2008-ci ildə Gürcüstanı işğal etdikdən sonra prezident Dmitri Medvedev Avrasiyanı Rusiyanın “imtiyazlı maraqlara” sahib olduğu bir bölgə olaraq xarakterizə etmişdi. Ermənistan Türkiyənin Azərbaycanda hərbi baza yaratması ehtimalından təşvişə düşüb. Azərbaycan isə son 30 ildə Ermənistanda iki Rusiya hərbi bazasının yaradılmasına və həmin bazaların genişləndirmək planlarına heç vaxt etiraz etməyib. Rəsmi İrəvanın düşüncəsinə görə, yalnız Rusiya Avrasiyada hərbi bazalara sahib ola bilər. Ermənilər Türkiyəyə eyni haqqı tanımaq istəmirlər.
Altıncı: Sadalanan bu həqiqətlər qəbul edilməzsə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normal axara düşməyəcək. Deməli, Ermənistanı çox zəif bir gələcək gözləyir. Sərhədləri bağlı qalsa, Ermənistan iqtisadiyyatında durğunluq davam edəcək və daha çox insan, xüsusən də gənclər ölkədən köç edəcək. 2010-cu ildə keçirilmiş siyahıyaalmaya görə, Rusiyada 1,2 milyon erməni yaşayır. Bu isə Ermənistan əhalisinin 40%-nə bərabərdir. İqtisadi cəhətdən durğunluğa qərq olan Ermənistan Rusiyadan daha çox asılı olacaq. Ermənistanın müstəqilliyi tədricən Kremlin əlinə keçəcək. Nəticədə, Ermənistanda da Belarus variantı ortaya çıxacaq. Ermənistandakı siyasi proseslər Kremlin diktəsi ilə həyata keçəcək. Müharibə cəmi 44 gün davam etdi. Ermənilər illüziya dünyasında yaşamağa davam edərlərsə, sülh müqaviləsinin bağlanması uzan çəkəcək. Hərbi əməliyyatların bərpası ehtimalı isə güclənəcək./miusavat.com./
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?