ABŞ Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirdiyinə görə Avropa Şurası missiyasını tənqid edib.
Tənqid ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduranın Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı bəyanatda səslənib. Bu barədə “Turan”-ın Vaşinqton müxbiri məlumat verib.
“ATƏT DTİHB seçki prosesinin bütün mərhələlərində (səsvermə günü də daxil olmaqla) ciddi problamlər aşkar edib. Bura ifadə, toplaşma, birləşmə azadlığının məhdudlaşdırılması daxildir. Eyni zamanda biz seçkilərin azad və şəffaf olması barədə AŞPA missiyasının bəyanatından təəccüblənirik”, - məktubda deyilir.
Sonra Kristofer Madura Dövlət Departamentinin nümayəndəsi Mariya Arfın bəyanatına istinad edib. O, oktyabrın 10-da ATƏT DTİHB-nin rəyini dəstəklədiyini və baş vermiş pozuntularla bağlı narahatlığını bildirib.
Madura həmçinin qeyd edib ki, bu yaxınlarda ABŞ Avropa Şurası Venesiya Komissiyasının tamhüquqlu üzvü olub və “bu mühüm institutun köməyilə insan hüquqları və demokratik idarəetmə məsələlərində fəal əməkdaşlığa ümid edir”.
“ABŞ inanır ki, ATƏT və Avropa Şurası insan hüquqları, fundamental azadlıqlar, demokratiya və qanunun aliliyi işinin möhkəmləndirilməsində böyük rol oynayır”, - məktubda deyilir.
Xatırladaq ki, müxalifətdən prezidentliyə namizəd Cəmil Həsənli Azərbaycan hakimiyyətini AŞPA missiyası üzvlərini ələ almaqda ittiham edib. Onun fikrincə, missiya üzvləri ilə danışıqlar Strasburqda Hilton otelində keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?