Səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Kombocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlətimizin başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlətimizin başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.
Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş etdi.
Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.
***
14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.
Səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodriqo Roa Dutertenin və xalqının salamlarını dövlətimizin başçısına çatdırdı. O, Filippin dövlətinin başçısının ölkələrimiz arasında əlaqələri genişləndirmək istədiyini vurğuladı.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Filippin Prezidenti Rodriqo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippin dövlətinin başçısına və xalqına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. İkitərəfli münasibətlərə gəldikdə dövlətimizin başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılması, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd etdi və Maria Elena Alqabrenin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmlənəcəyinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi.
Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik etdi.
Maria Elena Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığı, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunan videokonfrans formatında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və bu günlərdə BMT BAŞ Assambleyasında COVID-19 və vaksinlərə dair qəbul olunmuş qətnamənin əhəmiyyətinə toxundu. Maria Elena Alqabre, həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin bu nailiyyətlərinin beynəlxalq təşkilatların hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd etdi.
Həmçinin, İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.
Səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğulayıb.
O qeyd etdi ki, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığını vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd edib.
Prezident İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirib.
Dövlətimizin başçısı Qousal Azam Sarkerin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?