Ukraynada başlayan müharibə dünya neft-qaz bazarında qiymətlərin kəskin artımı ilə nəticələnib. Analitik mərkəzlər yaxınmüddətli dövrdə qiymətlərdə kəskin ucuzlaşma proqnozlaşdırmırlar. Bu baxımdan, neft-qaz hasilatçısı olan ölkələrin böyük gəlirlər fonunda mövcud qiymətlərdən razı qaldıqları güman olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, enerjidaşıyıcılarının yüksək qiyməti heç də onların istehsalçılarını xoşbəxt etmir. O, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib ki, istehsalçı ölkələr stabil enerji bazarının, istehsalçılarla istehlakçılar arasında balansın tərəfdarıdır: “Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik. Bu vəziyyət istehsalçıların özləri üçün də risklidir. Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir. İstehsalçılarla istehlakçılar arasında balans, stabil bazar - istehsalçıların buna ehtiyacı var. Azərbaycanın da iştirak etdiyi ”OPEC+"un səyləri buna yönəlib".
Prezident onu da vurğulayıb ki, Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır: “Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”.
Məlumat üçün qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin 5 ayında Azərbaycan xaricə 11 383 684.99 ton Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları sataraq bundan 8 milyard 58,7 milyon dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə hasilat indikindən çox - 11 921 162.88 ton olsa da, gəlirimiz az qala ikiqat az - 4,9 milyard dollar olmuşdu. Bu ilin 5 ayında 9,5 milyard kubmetr qaz ixracından 6 milyard dollar gəlir əldə etmişik. Ötən ilin eyni dövründə qaz ixracımız 9,2 milyard kubmetr, gəlirimiz isə 1 milyard 335 milyon dollar olmuşdu. Yəni həcm etibarilə qaz ixracımız cəmi 400 milyon kubmetr artsa da, gəlirimizdə artım 5 dəfəyə yaxın olub.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, neft-qaz qiymətlərinin yüksəkliyi şəraitində onları satmaq problemi yaranır: “Bu baxımdan, prezidentin dedikləri həqiqəti əks etdirir. Bizim istehsal etdiyimiz neft-qaz bazarda normal və stabil qiymətə satmağımız lazımdır ki, stabil və davamlı gəlir əldə edə bilək. Digər tərəfdən, enerjidaşıyıcılarının yüksək qiymətləri bütün dünyada əmtəələrin, texnikanın qiymətini bahalaşdırır. Nəticədə, neft-qaz istehsalı üçün zəruri olan avadanlıqlar, xidmət xərcləri də artır”.
İqtisadçı-ekspert Elman Sadiqov hesab edir ki, Prezidentin fikirləri reallığı əks etdirir: “Bir sahədə qiymətlər uzun müddətə yüksək qalırsa, o sahəyə investisiyalar çoxalır. Neft qiymətlərinin uzun müddət yüksək qalması həm də alternativ enerjiyə yatırımları stimullaşdırır. Üstəlik, bahalı enerji digər məhsulları da bahalaşdırıb inflyasiyanı sürətləndirməklə istehsalçı ölkələrin qazandığının mühüm bir hissəsini ”yeyir". Bu baxımdan, enerjidaşıyıcıları bazarında yüksək volatillikdənsə, 80-90 dollarlıq qiymət sabitliyi daha əlverişlidir, nəinki 130-a qalxıb, sonra 60-70-ə düşməsi. Bu həm istehsalçı, həm də istehlakçı üçün problemlər yaradır. İndiki qiymət artımı həm də ona görə təhlükəlidir ki, ardınca kəskin eniş gəlməsi ehtimalı çox yüksəkdir. Buna gətirəcək ən mühüm amillərdən biri yüksək neft qiymətləri fonunda qlobal səviyyədə alternativ enerjiyə keçidin sürətlənməsi, bu sahəyə investisiyaların kəskin artmasıdır. Bu proses ortamüddətli dövrdə ənənəvi enerdaşıyıcılarına olan tələbatı kəskin azaltmaqla qiymətlərin istehsalçılar üçün əlverişli olmayan səviyyəyə düşməsinə gətirib çıxaracaq. Aşağı neft qiymətləri isə bu sahəyə investisiyaları daha da azaldacaq".
Ekspertə görə, enerjidaşıyıcılarının qiymətindəki kəskin eniş istehsalçı ölkələrdə şok effekti yarada bilər: “İndiki yüksək qiymətlər bu baxımdan resurs ölkələri üçün fürsət yaradır ki, əldə etdikləri vəsaitləri iqtisadiyyatın digər sahələrinə, həmçinin alternativ enerji istehsalına yatırsınlar. Bu fürsətdən maksimum səmərəli istifadə etməklə biz ənənəvi enerjini və qeyri-neft sahəsini inkişaf etdirməklə ənənəvi enerjidaşıyıcılarını tədricən əvəzləyə bilərik. Nəticədə neftin qiymətinin kəskin düşməsindən minimum səviyyədə təsirlənərik, yaxud heç təsirlənmərik”./“Yeni Müsavat”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?