BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın verdiyi vəsatətlər əsasında Ermənistana qarşı müvəqqəti tədbirlərə dair yekdilliklə qərarlar qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirək ki, 2021-ci ilin sentyabr ayında Azərbaycan Ermənistana qarşı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə dövlətlərarası iddialar qaldırıb.
Məhkəmə Ermənistana, Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı təşkilatlar və fərdlər də daxil olmaqla, Ermənistan ərazisində nifrət nitqi zəminində irqi ədavətin təşviqi və qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini, habelə mübahisəni gərginləşdirə və ya uzada biləcək, o cümlədən həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək tapşırığını verib.
Azərbaycan Ermənistan tərəfindən revanşist, azərbaycanlılara qarşı nifrət nitqi və zorakı çağırışlar edən şəxslərin və etnik-milliyyətçi qrupların (əsasən VOMA, POGA və sair) məsuliyyətə cəlb edilməməsi, onların fəaliyyətinin bəzi hallarda Ermənistanın dövlət orqanları tərəfindən təşviq edilməsi, təşkilat fəallarının mükafatlandırması ilə bağlı xeyli fakt təqdim edib.
Bundan əlavə, Laçın rayonunda aparılan minatəmizləmə fəaliyyəti zamanı 2021-ci ildə Ermənistanda istehsal olunmuş 1400-ə qədər mina aşkar olunub. Minaların basdırıldığı ərazilərin mütləq əksəriyyəti vaxtilə azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdir. Bu təxribatın da əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının qarşısını süni şəkildə əngəlləməkdir.
Ermənistan tərəfindən beynəlxalq məhkəmənin 2021-ci ilin 7 dekabr tarixli qərarlarının kobud şəkildə pozulduğunu sübut edən bu dəlillər bu gün rəsmi olaraq beynəlxalq məhkəməyə təqdim edilib.
Azərbaycan, Ermənistan tərəfindən işğal dövrü zamanı törədilmiş, habelə hazırda törədilməsi davam edən cinayətlərə hüquqi qiymətin verilməsi üçün bütün mümkün beynəlxalq mexanizmlərdən istifadəni təmin edəcək”, - deyə XİN-dən bildirilib.
Sorğu
Yeni dizaynımız necədir?