Müsavat bəzi müxalif partiyaların, QHT-lərin və ictimai xadimlərin birləşdiyi İctimai Palata ilə bağlı mövqeyini açıqlayıb. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Media forum” saytına deyib ki, AXCP rəhbərliyinə daxil olan şəxslərin açıqlamaları fonunda İctimai Palatanın fəaliyyətinin davam etdirməsi mümkün deyil: “AXCP rəhbərliyi Müsavat Partiyasını az qala hakimiyyətlə əlbir olan bir siyasi təşkilat kimi ittiham edir. Müsavat rəhbərliyinə daxil olan şəxslərin Əliyev rejimi dövründə bir dəfə də olsun parlamentə buraxılmadığını nəzərə almayaraq bizi hakimiyyətlə hansısa mandat alverində iştirakda ittiham edirlər. AXCP rəhbərliyi daha uzağa gedərək Müsavatla nəinki İctimai Palata çərçivəsində, ümumiyyətlə hər hansı şəkildə əməkdaşlığın qeyri-mümkün olması barədə bəyanatlar verir. Belə bir şəraitdə Müsavat və Xalq Cəbhəsi partiyalarının geniş təmsil olunduğu İctimai Palatanın fəaliyyət göstərəcəyini söyləmək sadəlövhlük olardı”.
Arif Hacılı bildirib ki, AXCP bir neçə aydır İctimai Palatanın buraxılması istiqamətində fəaliyyət göstərir, təkliflər irəli sürür, son günlər isə palatanın missiyasının bitdiyini elan edib: “AXCP İctimai Palatada olmadığı haqda bəyanatlar verib. “İctimai Palatanı Müsavat Partiyası dağıtdı” kimi bəyanat səsləndirmək kimlərəsə rahatlıq gətirirsə, onlar bunu söyləyə bilərlər. Amma onu da nəzərə alsınlar ki, AXCP İctimai Palatada fəaliyyətini davam etdirmək niyyətində deyil. Palatanın əsasını da Müsavat və Xalq Cəbhəsi partiyaları təşkil edir. Əgər AXCP İctimai Palatadan çıxırsa, bundan sonra palatanın qalması mənasız olacaq. Müsavat Partiyasının real siyasi qüvvələrin iştirak etmədiyi qurumları öz ətrafında yaradılmış blok adlandırması təcrübəsi yoxdur. Əgər AXCP İctimai Palatanı tərk edirsə, biz palatanı süni şəkildə saxlamaq və kiməsə qarşı istifadə etmək niyyətində deyilik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?