Son turdakı hakim biabırçılığı göz önündədi. “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasında topa cərimə meydançasından kənarda əllə toxunan Səlahət Ağayevə referinin “gözün üstə qaşın var” deməməsi özlüyündə kobud xəta olsa da, qalan 3 görüşdə yaşananların yanında belə desək, “İnter Arena”dakı oyun toya getməli idi.
Yaxın keçmişdə qapıdan yarım metr aralı keçən zərbəni qol kimi qeydə alan, pulunu aldığı komanda qələbə topunu vurana qədər oyunu davam etdirən “qarapaltarlılar” haqda bu ölkədə lətifələr danışılır. Başından böyük qələtlər edənlər o qədər olub ki, hansısa avropalı həqiqətlə tanış olsa, gözləri kəlləsinə çıxar.
“Araz Naxçıvan”sız keçən turdakı özbaşınalıqlara birmənalı yanaşmaq çox çətin məsələdi. Əlbəttə, bütün qarşılaşmalardakı fit sahibləri eyni vaxtda bu qədər səhv edə bilməz. Amma əməlindən utanmayan fahişə qədər mənəviyyatsız olanı da, bacarıqsızla tərəzinin bir gözünə qoymaq ədalətsiz yanaşma sayılar. Məqsədimiz kimliyi zatən bəlli “fahişə”ni faş etmək yox, mövcud duruma baxıb sevinənlərin olduğunu xatırlatmaqdı.
Hə, kələfin ucu düyün düşüb. Qərəzlərlə xətalar bir-birinə qarışdığından kimin pis yola düşdüyünü, kimin hakimlik istedadının daha artığına imkan vermədiyini də müəyyənləşdirmək qəliz məsələdi. Haqqı tapdalanan klubların hay-həşir salması başadüşülən haldı. Azərbaycan futbolunun özəl mentallığına bələd olanlar anlayır ki, etiraz növbəti də dəfə killerin atəşiylə vurulmaqdan ən yaxşı çıxış yoludu.
Digər tərəfdən, çempionatın futbolsevərlərin gözündən salınması millinin biabırçı çıxışının da gündəmdən düşməsini təmin etməyin ən gözəl yoludu. Diqqətləri yaradılan şərait fonunda rüsvayçı futbolla azarkeşlərini üzən seçmədən yayındırmağı arzulayanlar elə son turda baş verənlərin də təşkilatçılarıdı.
Özünü təmiz sayan hakimlər əsla inciməsin, biz səhvə yol verənin məşhər ayağına çəkilməsinin tərəfdarı deyilik. Amma sifarişçilərin marağını təmin edən “fahişələr” futbol müstəvisində ən hörmətsiz fiqurlardı. Hörmətsiz fiqurlarla hörmətli kişiləri nüfuzdan salmağa çalışanlar isə...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?