Milli Gimnastika Arenasının köməkçi zalında bu gün batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və birinciliyi başlayıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, 2013-cü ilin sonundan ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə çempionat və birincilik ilk dəfə keçirilir. Tamblinq üzrə yarış isə sayca 10-cudur.
Turnirdə ümumilikdə Bakı Gimnastika Məktəbi, "Neftçi" və "Ocaq" idman klubunu təmsil edən 46 idmançı iştirak edir.
Yarışlar tamblinq üzrə çıxışlarla başlayıb. Kişilər öz güclərini "böyüklər" (1998-ci il təvəllüdlülər və daha böyüklər), "yeniyetmələr" (2002-2005) və "balacalar" (2006-2007) üzrə yaş kateqoriyalarında sınayacaqlar. Qadınlar arasında isə yarışlar "balacalar" yaş qrupunda keçirilir.
Fasilədən sonra yarışlar batut üzərində valehedici çıxışlarla davam edəcək. Tamaşaçılar "böyüklər" (1998-ci il təvəllüdlü və daha böyüklər), "uşaqlar" (2005-2006) və "kiçiklər" (2007-2010) yaş qruplarına daxil olan kişi gimnastların çıxışlarını izləyəcəklər. Qadınlar arasındakı yarışlarda isə "böyüklər" (1998-ci il təvəlludlülər və daha böyüklər), "balacalar" (2002-2004) və "kiçiklər" (2007-2010) yaş qruplarında yer almış idmançılar iştirak edirlər.
Yasrışlarda Bakı 2015 İlk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və Oyunların iştirakçıları Oleq Piunov və Sabina Zaytseva da iştirak edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?