Azərbaycan cüdoçusu Rüstəm Orucov Kubanın paytaxtında keçirilən Havana Qran-Prisində qızıl medal qazanıb.
25 yaşlı idmançı 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Orucov mübarizəyə ikinci mərhələdən qoşulub. O, finala gedən yolda ardıcıl olaraq, monteneqrolu Nikola Qusiç, italiyalı Enriko Parlati, qanalı Emmanuel Nartey və monqol Odbayar Qanbatarı məğlub edib. Həlledici qarşılaşmada isə azərbaycanlı cüdoçu BƏƏ təmsilçisi Viktor Skvortsova vazari fəndi ilə qalib gələrək, Qran-Prinin qalibi olub.
81 kq çəki dərəcəsində yer alan Rüstəm Alimli ilk görüşündə kubalı Xose Sotomayoru, ardından monqol Uqanbatar Otqonbatarı yensə də, 1/4 finalda rusiyalı Xasan Xalmurzayevə, ilk təsəlliverici görüşdə yunan Roman Mustopulosa uduzaraq, 7-ci yerlə kifayətlənib. Bu çəkidəki digər cüdoçumuz Əbdülhəq Rəsullu isə mübarizəyə isveçli Robin Paçek üzərində qələbə ilə başlayıb. Lakin o, 1/8 finalda alman Sven Mareşə yenilib və mübarizəni dayandırıb.
Beləliklə, Havana Qran-Prisində ilk 2 gündən sonra Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.
Qeyd edək ki, Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın son 5 təmsilçisi - Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?