Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb. Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub. Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.
*** 12:19
Azərbaycan cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq. 73 kq çəki dərəcəsində yer alan olimpiya çempionu ardıcıllıqla avstraliyalı Danni Voynikoviç, tunisli Hamza Vergi və qırğızıstanlı Arseni Kladnova qalib gəlsə də, 1/4 finalda braziliyalı Qustavo Qomesə uduzub. O, təsəlliverici görüşdə isə tacikistanlı Qanijon Qaniyevi üstələyib. Talıbovun 3-cü yer uğrunda qarşılaşmada rəqibi italiyalı Luici Sentraççio olacaq. Bu çəkidəki daha bir azərbaycanlı cüdoçu Elcan Hacıyev ilk görüşündə Danimarkanı təmsil edən erməni David İvanyanı 70 saniyəyə ipponla yenib. Lakin 1/8 finalda o, rusiyalı Adam Tseçoyevə qızıl xalla uduzaraq, mübarizəni dayandırıb. 81 kq-da Məhərrəm İmamverdiyev ilk görüşündə yaponiyalı Ryunosuke Otakeyə yenilib. Qızların mübarizəsində 57 kq çəkidə yer alan Aytac Qardaşxanlı portuqaliyalı Alis Perreyranı məğlub etsə də, 1/8 finalda braziliyalı Sara Souzaya, 63 kq-da Aytac Əliyeva isə ilk görüşdəcə kanadalı Cordan Varnerə uduzaraq, yarışla vidalaşıb. İlk yarış günündə Azərbaycan cüdoçusu Kamran Süleymanov 60 kq çəkidə gümüş medal qazanıb. Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. //Report.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?