Ağır Atletika idman növü üzrə beynəlxalq dərəcəli idman ustası Zülfüqar Süleymanov məşqçi kimi çalışdığı vəzifəsindən azad edilib.
Beşqat Azərbaycan çempionu iddia edir ki, işdən uzaqlaşdırılmağına səbəb sosial şəbəkədə federasiyanı tənqid edən status paylaşmasıdır.
“Facebookda paylaşdığıma görə məni Federasiyanın baş katibi Rizvan Rəsulov otağına dəvət etdi və dedi ki, sən bu paylaşımı etdiyinə görə artıq bizimlə işləyə bilməzsən. Sən bizə müxalif tərəfdəsən. Sentyabr ayında çağırmışdı məni, mənə dedi ki, sən artıq 6-cı aydan bizim işçimiz deyilsən, işdən azad olunmusan”, o deyib. Azərbaycan Ağır Atletika Federasiyasından mətbuat xidməti Kənan Məstəliyev bu iddiaları rədd edir və Zülfüqar Süleymanovun xidməti müqaviləsinin bitdiyini bildirir. “Zülfüqar Süleymanovla bağlanılan xidməti müqavilənin müddəti bitib və yenisi bağlanmayıb. Onun məşqçi kimi fəaliyyəti federasiyanı qane etmədiyindən müddət uzadılmayıb”, Kənan Məstəliyev BBC Azərbaycancaya deyib. Federasiya rəsmisi onu da deyib ki, federasiyanın Zülfüqar Süleymanovla heç bir şəxsi-qərəzi yoxdur və işdən çıxarılması Facebook status ilə bağlı deyil. İdmançı hazırda öz ixtisası üzrə ölkədə iş tapa bilmədiyi üçün karyerasını xarici ölkələrdə davam etdirmək niyyətindədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?