Əsl futbol həyəcanı günü: Fransa-Argentina, Uruqvay - Portuqaliya...
Bu gün futbol üzrə dünya çempionatında 1/8 final oyunları start götürür. Saat 18:00-da Fransa-Argentina oyunu başlayacaq. Saat 22:00-da isə daha bir finalçı Uruqvay - Portuqaliya oyununun sonunda müəyyən ediləcək.
Fransa Argentinadan niyə yaxşıdır?
21 mundialdan cəmi beşində iştirak edə bilməyən fransızlar düz 20 il əvvəl-1998-ci ildə ölkələrində keçirilən çempionatda dünya kubokunun sahibi olublar.
Fransa bu mundialda C qrupunda 7 xalla lider olsa da, parlaq oyunu ilə seçilmir. İlk mərhələdə qarşıya qoyulan hədəfə nail olunub, amma Didye Deşamın komandası çempion olmaq iddiasını hələ ki oyunu ilə sübut edə bilməyib.
Fransa qrupda həm Avstraliya (2:1), həm Peru (1:0) ilə qarşılaşmada minimal hesabla qalib gəldi. Üçüncü turda xalları böldükləri Danimarka oyun isə əsl cizgi filmi idi. Stadiona toplaşan 10 minlərlə həm Fransa, həm Danimarka millisinin azarkeşlərinə hörmətsizlik edildi. Axırda azarkeşlər hər iki tərəfi fitə də basdı.
Fransanın hücum xəttində yaxşı oyunçular cəmləşsə də, üç oyunda 3 qol vura bildilər. Fransa məhsuldarlığa görə 1/8 finala adlamış bəzi komandalarla (Belçika, Rusiya, İngiltərə) müqayisədə xeyli geri qalır. Olivye Jiru, Antuan Qrizmann, Kilyan Mbappe , Usman Dembele, Nabil Fekir kimi oyunçulara sahib Fransanın üç oyunda 3 top vurması komandanın çempionluq şanslarını aşağı salır. Bəli, Fransa bugünkü rəqibləri Argentinadan fərqli olaraq komanda oyunu sərgiləyir, nizamlı oynayır, amma tamaşaçıya enerji və zövq verəcək futbol yoxdur.
Argentina haqda da bu mundialdakı çıxışı ilə bağlı kifayət qədər tənqidlər var. Argentina son qrup oyununda Nigeriyanı zorla məğlub etdi. Hətta Cüneyit Çakırın mübahisəli penaltisi təyin edilsə idi, indi Argentina komandasının üzvləri evlərində kofe içirdilər. Nigeriya Argentinadan güclü deyildi, amma Argentina o futbol adı brendini bu çempionatda layiqincə qoruya bilmir. Komandada sanki bir xaos və inersiya ilə oyun var. Ötən yazılarımızda da qeyd etmişdik ki, bu oyunla Argentina sonrakı mərhələdə rüsvay ola bilər. İndi qarşılarındakı rəqib Xorvatiya və ya Belçika kimi komanda deyil, amma Fransa yenə təkrar edirik ki, Argentinadan daha yaxşı vəziyyətdədir. Ola bilsin ki, yenə Messi və ya başqa bir oyunçu bu görüşdə də komandaya qalibiyyət gətirsin. Amma vallah, bu, əsl futbol, mundiala yaraşan Argentina deyil...
Statistika deyir: Fransa 1/8 final mərhələsində yalnız ötən əsrin əvvəlində uduzub
Fransa və Argentina millilərinin qarşılaşmasının tarixi 1930-cu il ilk dünya çempionatından başlayır. Həmin görüşdə cənubi amerikalılar Fransaya 1:0 hesabı ilə qalib gəliblər. Onlar 1978-ci il mundialında bir qrupda yer alıblar. Həmin qarşılaşmada da Avropa komandası rəqiblərinə 1:2 hesabı ilə uduzub. Bundan sonra onların mundiallarda yolları kəsişməyib.
Komandalar arasında daha 10 yoldaşlıq görüşü olub ki, bunların 5-də Argentina, cəmi 2 qarşılaşmada isə fransızlar qalib gəlib. 3 oyun isə heç-heçə bitib. Sonuncu dəfə bu komandalar 2009-cu ildə Parisdə yoldaşlıq görüşündə güclərini sınayıblar. Həmin oyunda da Argentina 0:2 hesabı ilə meydan sahiblərinə qalib gəlib. FİFA reytinqində də bu komandalar qonşudurlar. Argentina 5-ci, Fransa isə 7-ci yerdə qərarlaşıb.
Fransa millisi indiyədək iştirak etdiyi çempionatlarda 9-cu dəfədir ki, “pley-off” mərhələsinə çıxır. Fransa 1/8 final mərhələsinə çıxdığı bütün mundiallarda 1?4 finala vəsiqə əldə edib. Yalnız bir dəfə 1934-cü ildə 1?4 finala çıxa bilməyib. Braziliya mundialında Fransa millisi 1?4 finalda Almaniyaya uduzaraq mübarizəni dayandırıb.
Argentina iştirak etdiyi mundiallarda 12-ci dəfədir ki, qrup mərhələsi səddini aşır. Artıq 4 mundialdır ki, Argentina ard-arda qrup mərhələsindən 1/8 final çıxır. Argentina iştirak etdiyi cəmi iki mundialda (1934, 1994) 1/8 finalda, dörd dəfə isə (1966, 1998, 2006 və 2010) 1?4-də mübarizəni dayandırıb.
2014-cü il Braziliya mundialında finaladək irəliləyən Argentina dünya kubokunu Almaniyaya verməli oldu. Bukmeykerlər bu qarşılaşmada nədəncə, Argentinanın daha şanslı olduğunu deyirlər.
Uruqvay getdikcə gücləndi, Portuqaliya isə...
Uruqvayın çempionatın ilk oyunu (Misir) ilə Rusiya ilə son tur qarşılaşması arasında oyununda qismən dönüş yarada bildi. Səudiyyə Ərəbistanı ilə oyunda da Sueresin vurduğu yeganə qolla qalib gəlsə də, komanda oyununda xeyli düzən vardı. Üçüncü oyunda-Rusiya ilə qarşılaşmada isə Cənubi Amerika təmsilçiləri özünə gəlmişdilər. Rusiya axır ki, qrupda futbol oynamağı yaxşı bacaran komanda ilə rastlaşdı və uduzdu.
Kristian Rodriqes, Luis Suares, Edinson Kavani xüsusilə fəal idi və Portuqaliya ilə axşamkı oyunda əsas diqqət yenə onlara yönələcək. Uruqvayın qapısından top buraxmadığını da qeyd etmək lazımdır.
İki dəfə dünya çempionu olmuş Uruqvay futbol ənənəsi olan ölkədir. Həmişə demişik, yenə təkrarlamaqda fayda var: Cənubi Amerikada Braziliyanın və Argentinanın futbol hegemonluğunda kölgədə qalmayan yeganə komanda məhz Uruqvaydır. Bunu okeanın o tayından gələn komandaların əksəriyyətinin evə qayıtmaları da təsdiqləyir. Uruqvay onlardan təcrübəli komandadır, amma ədalət naminə, bu mundialda dünya çempionu Almaniya adını qoyub getdisə, Perunu, Kosta-Rikanı, Panamanı necə qınayasan?
Uruqvay və Portuqaliya indiyədək cəmi 2 dəfə qarşılaşıblar. İlk oyun 1966-cı ildə Lissabonda yoldaşlıq görüşü səviyyəsində olub. Həmin oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər. İkinci qarşılaşma isə Müstəqil Braziliya kuboku çərçivəsində baş tutub. Həmin görüşdə isə hesab 1:1 bitib. Portuqaliya FİFA reytinqində bugünkü rəqiblərini 10 pillə üstələyir. KriRo-nun komandası 4-cü, Suaresin komandası isə 14-cü yerdə qərarlaşıb.
Portuqaliya haqda xüsusi danışmağa dəyməz. İranla oyunda bu komandanın potensialının Avropa çempionu səviyyəsində olmadığını gördük. İranlı Mehdi son dəqiqədə o topu dəqiq vura bilsəydi...Portuqaliyada haqq etdiyi yerə getmişdi.
Amma nə deyəsən, komanda stabil oynayır, bəxtləri var, bir də KriRo kimi kəmfürsət hücumçuları. Bu gün Uruqvayın qələbəsinə inanaraq oyuna baxaq, Portuqaliya bu turu keçərsə, onu saxlamaq çətin olacaq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?