“Qarabağ”ın bu axşam “Arsenal”a layiqli müqavimət göstərəcəyinə, Avroliqadakı son qarşılaşmasından Bakıya sərfəli nəticə ilə dönəcəyinə ümid edə bilərik
Bu gün Avropa Liqasının “E” qrupunda yer alan “Qarabağ” səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 00:00-da Londondakı “Emireyts” stadionunda start götürəcək qarşılaşma danimarkalı hakimlərə həvalə olunub. Matçın baş hakimi Yens Moedir, onun köməkçiləri Lars Hummelqorla Heyne Serensen olacaq.
Beş oyunda 13 xal toplamış “Arsenal” növbəti mərhələyə vəsiqəni təmin edib və bu gün “Qarabağ”la “ölümünə” oynamayacağı aydındır. Yada salaq ki, oktyabrda Bakıda keçirilən qarşılaşmada “Arsenal” 3-0 hesabı ilə qalib gəlib. Bir az həmin oyuna qayıtsaq, deməliyik ki, Ağdam klubu güclü bir Avropa klubuna qarşı gözlənildiyindən də yaxşı müqavimət göstərə bildi. Təəssüf ki, “Arsenal” rəqiblərini əks-hücumlarda yaxaladı və qapımızda 3 top gördük. “Qarabağ” o axşam məğlub olsa da, “Arsenal”dan qorxmadı və hücumlarımızda bir az dəqiqlik olsaydı, hesab bu cür olmaya da bilərdi. “Qarabağ” “Arsenal”la oyunda Avroliqada ən yaxşı görüşünü keçirdi və bu gün də həmin oyunu göstərə bilsə...
İngiltərə Premyer-Liqasında hazırda qış fasiləsi öncə qızğın mübarizə gedir. 16 oyundan 34 xal toplayan “Arsenal” 5-ci sırada qərarlaşıb. 10 oyunda qələbə qazanan klub 4 oyunda meydandan sülhlə ayrılıb, cəmi 2 oyunda isə məğlub olub. “Arsenal” Avroliqada keçirdiyi 5 oyunda qapılardan 11 top keçirib və cəmi iki dəfə topu qapısında görüb. Premyer-Liqada isə kifayət qədər məhsuldar olub. 16 oyunda rəqib qapılarından 30 top keçirib, qapılarından isə 20 top buraxıb.
Maydan klubu çalışdıran baş məşqçi Unai Emerinin bu il Premyer-Liqada xüsusi iddiası yəqin ki, yoxdur. Düzdür, liqada liderlik edən “Liverpul”la aralarda xal fərqi böyük deyil (8), amma görünən budur ki, “Arsenal”ın bu sezon çempionluq şansı yüksək deyil. Bu səbəbdən də klub rəhbərliyinin indi əsas hədəfi Avroliqanın qalibi olmaqdır. Yada salaq ki, Unai Emeri “Sevilya” ilə 2 dəfə Avropa Liqasının qalibi olub. O, Avropa Liqasında ən çox qalib olan baş məşqçidir. Bütün bu statistikalar “”Qarabağ"ın bu oyunda qalib gəlmək şansı varmı" kimi ritorik suallara cavab ola bilər.
3 xalla sonuncu sırada qərarlaşan “Qarabağ”ın bu oyundan xüsusi gözləntisi də olmamadır. Zatən 5-ci turda “Sportinq”ə acınacaqlı hesabla məğlub olan Ağdam klubu növbəti mərhələ şansını tam itirib. Qrupda ikinci vəsiqəni qazanmış “Sportinq”in bu gün Ukraynanın “Vorskla” klubu ilə qarşılaşmasının nəticəsinin də turnir cədvəlinin yuxarı pilləsinə heç bir təsiri olmayacaq. O halda “Qarabağ”ın bu axşam yalnız layiqli müqavimət göstərəcəyinə, Avroliqadakı son qarşılaşmasından Bakıya sərfəli nəticə ilə dönəcəyinə ümid edə bilərik. Yeri gəlmişkən, bu il uğursuz nəticə göstərən tək “Qarabağ” deyil. “Anderlext”, “Rüsenborq”, “Olimpiakos”, “Marsel” və “PAOK” kimi təcrübəli klublar da növbəti mərhələ şanslarını itiriblər.
“Qarabağ”ın üzərində artıq iki tur əvvəlki basqı yoxdur. Azərbaycan liqasındakı son qarşılaşmalarda klubun böyük hesablı qələbələri də ümid verir ki, təmsilçimiz Londonda özünü ən yaxşı tərəfindən göstərə bilsin. Qurban Qurbanovun millidən getməsindən sonra tam “Qarabağ”a köklənməsi də bugünkü oyunda şansımızı artıra bilər.
“Qarabağ” dünən axşam “Emireyts” stadionunda son məşqinə çıxıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov son məşqdən 30 dəqiqə əvvəl media mənsublarının suallarını cavablandırıb ki, onlar haqda bu gün ətraflı məlumat veriləcək.
Heyətlə bağlı xüsusi çətinlik olmamalıdır. “Qarabağ”ın heyətinə “Aktobe”də oynayan sabiq hücumçusu Reynaldo Silva ilə danışıqları da diqqət mərkəzindədir. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl son olaraq deyib ki, Ağdam klubu sabiq forvardını qaytarmağa çox yaxındır. Çəlikəl “Aktobe” ilə müqavilə müddəti başa çatan və azad agent statusu daşıyan futbolçu ilə yaxın günlərdə anlaşacaqlarını istisna etməyib: “Reynaldo ilə danışıqlarımız davam edir. Hələlik ortada rəsmi anlaşma yoxdur. İnanırıq ki, qarşıdakı günlərdə razılıq əldə olunacaq. Belə olarsa, onunla müqavilə bağlanacaq. ”Arsenal"la matçdan sonra danışıqları yekunlaşdırmağı planlaşdırırıq". Reynaldo Silva 2013-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib. Reynaldonun, eləcə də daha iki futbolçunun “Qarabağ”da niyə getmələri haqda sezonun əvvəlində xeyli müzakirələr oldu. “Qarabağ” oturuşmuş heyətini niyə saxlaya bilməməsi (və ya saxlamaq istəməməsi) Avroliqanın son turunda da müzakirə edilməsinin faydası yoxdur. Təki qayıdanların “Qarabağ”a faydası olsun.
Emeqaranın zədələnərək sıradan çıxmasının “Qarabağ”ın oyununa heç bir ciddi təsiri olmayıb. Araz Abdullayevin “Qarabağ”a gəlişi, gözlənildiyi kimi, uğurlu oldu. Soyuqqanlı və texnikalı oyunçu təsiri bağışlayan Araz, məncə, qarşıdakı mövsümdə “Qarabağ”a daha faydalı ola bilər. Onun önə xətdə Mahir Mədətovla qarşılıqlı oyunu hələ istənilən kimi alınmır, amma şəxsi eqolarını üstələyə bilsələr, bu iki hücumçu “Qarabağ”ın qol imkanlarını artıra bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?