Litvada yeniyetmələr arasında avarçəkmə üzrə dünya çempionatı keçirilib
Azərbaycan akademik avarçəkəni Boris Yotov karyerasında ilk dəfə dünya çempionatını medalla başa vurub. Milli Avarçəkmə Federasiyasından verilən məlumata görə, 17 yaşlı təmsilçimiz Litvanın Trakay şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Ötən ilki mundialda da əsas finaladək irəliləmiş Yotov 6-cı yerlə kifayətlənmişdi. Bu dəfə isə idmançımız mükafatçılar sırasına düşməyi bacarıb. O, əsas finalda finişə 7 dəqiqə 9,54 saniyəyə çatıb. Daha öncə isə avarçəkənimiz 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Nailiyyətlərinə rəğmən, Yotov mükafatlandırma mərasimində o qədər də sevincli görünməyib. Səbəb onun builki Avropa çempionatında üstələdiyi polşalı Natan Veqrjiçki-Şimçikin bu dəfə 6 dəqiqə 59,69 saniyə nəticə ilə qızıl medala layiq görülməsi olub. Qitə çempionumuzu Trakayda serbiyalı Andriya Slyukiç də 8,05 saniyə geridə qoyub.
Beləliklə, yeniyetmələr arasında dünya çempionatını Azərbaycan millisi 1 bürünc medalla başa vurub. Yeganə təmsilçimiz Yotov həm də ölkəmizə akademik avarçəkmə növündə yeniyetmələr olimpiadasına ilk lisenziyanı qazandırıb. Digər tərəfdən, bu yaş kateqoriyalı akademik avarçəkənlərdən Azərbaycana ilk mundial medalını məhz Yotov gətirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?