Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirindən iştirakdan imtina edib. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat verilib. Səbəb kimi şəxsi məsələlər göstərilsə də, qraysmestr özü instagram profilində bunu təkzib edib. Şahmatçı sözügedən turnirdən çıxmasının şəxsi səbəblərlə əlaqədar olmadığını vurğulayıb.
"Əziz həmvətənlərim, şahmat həvəskarları, şahmat ictimaiyyəti, həmkarlar və dostlar turnirdən çıxmağım üçün heç bir şəxsi səbəbim yoxdur. FIDE-yə göndərdiyim məlumat və onların cavabı ilə bağlı tezliklə açıqlama verəcəyəm" - deyə, o, şəxsi İnstagram səhifəsində qeyd edib.
O bildirib ki, turnirdən imtina etmək səbəbi yayılmaqda olan epidemiya, yəni koronavirusdur.
Onu bu yarışda fransız Maksim Vaşye-Laqrav əvəzləyəcək.
Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Turnir martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində baş tutacaq. Ümumilikdə 8 şahmatçı - ABŞ-dan Fabiano Karuana, Niderlanddan Aniş Giri, Fransadan Maksim Vaşye-Laqrav, Rusiyadan Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kiril Alekseyenko, Çindən Dinq Liren və Hao Yanq qalib adı uğrunda yarışacaq. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?