Azərbaycanlı oliqarxlar futbola nə qədər pul ayırır...
Azərbaycanda futbola külli miqdarda vəsaitin ayrıldığı sirr deyil. Ancaq bunun müqabilində ortada nəticə yoxdur. Klublarımız Avropa komandaları ilə heç cür ayaqlaşa bilmirlər.
Bəzi klub rəsmiləri uğursuzluqlarını sığortalamaq üçün “20-30 milyon dollar nədir ki? Avropa klubları 200-300 milyon dollarlıq büdcəyə sahibdirlər” iddiasını irləi sürürlər.
Düzdür, Avropada 200-300 milyon dollarlıq büdcəyə sahib klublar var. “Barselona”, “Real”, “Mançester Yunayted”, “Bavariya” kimi klubların büdcəsi 200 milyon dolları aşır.
Ancaq hazırda maliyyə sıxıntısı yaşayan Avropada belə varlı klublar çox azdır. Avropanın əksər klublarının büdcəsi 5-10 milyon dollar civarındadır. Bu büdcə ilə ortabab Avropa səviyyəli komanda formalaşdırmaq və ən azı Avroliqanın qrup mərhələsində çıxış etmək isə mümkündür. Ortada canlı nümunələr var. Bu mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış “Elfsborq” (İsveç), “Esberq” (Danimarka), “Maribor” (Sloveniya), “Panduri” (Rumıniya), “Vitoriya” (Portuqaliya), “Rijeka” (Xorvatiya), “Apollon” (Kipr), “Şerif” (Moldova), “Tromse” (Norveç), PAOK (Yunanıstan), “Şaxtyor” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan) kimi komandaların büdcəsi 10 milyon dollardan yuxarı deyil.
Avroliqanın qrup mərhələsində olan digər komandaların - “Sent-Qallen” (İsveçrə), “Zulte Varegem” (Belçika), APOEL (Kipr), “Tyun” (İsveçrə), “Slovan” (Çexiya), “Legiya” (Polşa) kimi komandaların büdcəsi isə 10-25 milyon dollar arasında dəyişir.
Çempionlar Liqasının qrup mərhələsində oynayan “Viktoriya”, «Kopenhagen”, “Bazel”, “Austriya” və “Styaua”nın büdcəsi 30 milyon dolları aşmır.
Bir faktı xatırladaq. Rumın məşqçi Mirça Rednik “Xəzər Lənkəran”a baş məşqçi gələrkən özü ilə Rumıniyadan bir neçə futbolçu gətirmişdi. Onların arasında “Styaua”nın heyətində oynamış futbolçular da vardı. O futbolçular mətbuata verdikləri açıqlamalarda Azərbaycanda Rumıniyadakından çox qazandıqlarını bildirirdilər.
Bu mövsüm Çempionlar Liqasının və Avroliqanın qrup mərhələsində Rumıniya komandaları var, amma Azərbaycan bu mötəbər turnirlərdə təmsil olunmur. Bu da onu göstərir ki, əslində Azərbaycanda futbola ayrılan vəsait onun inkişafına yox, kimlərinsə cibinə xidmıət edir.
Bizim komandaların büdcəsi adlarını çəkdiyimiz Avropa klublarının büdcəsindən çoxdur. Amma onlar yuxarıda, biz isə aşağıdayıq.
Bəs Azərbaycan klublarının illik büdcəsi nə qədərdir? Virtualaz.org ayrı-ayrı məmurların nəzarətində olan və büdcəsi bir qayda olaraq gizli saxlanılan (bu məlumatlar nədənsə heç vaxt açıqlanmır) klublara ayrılan illik vəsaitin məbləğini müəyyənləşdirib. Bununla bağlı əldə etdiyimiz rəqəmləri təqdim edirik:
“Qəbələ” - 20 milyon manat
“Xəzər Lənkəran” - 20 milyon manat
“Bakı” - 18 milyon manat
“Neftçi” - 16 milyon manat
“İnter” - 15 milyon manat
“Qarabağ” - 12 milyon manat
“Simurq” - 5 milyon manat
“Sumqayıt” -3 milyon manat
“Rəvan” - 3 milyon manat
AZAL - 2 milyon manat.
Qeyd edək ki, göstərilən 10 klubdan 6-sı (“Qəbələ”, “Neftçi”, “İnter”, “Simurq”, “Sumqayıt” və AZAL) məmurlara, 4-ü (“Xəzər Lənkəran”, “Bakı”, “Qarabağ” və “Rəvan”) isə iş adamlarına məxsusdur.
Beləliklə, aydın olur ki, Azərbaycanın 10 klubuna ildə üst-üstə 114 milyon manat ayrılır. Onun da 61 milyon manatı məmurların klublarının payına düşür. Yəni hər məmur ildə orta hesabla 10 milyon manatını futbola yönəldir. İnkişaf və nailiyyət isə yoxdur. Ən maraqlısı, daha doğrusu, müəmmalısı da elə budur...
Sorğu
Yeni dizaynımız necədir?