Heyətində yerli futbolçuların sayını artırmağa çalışan “Neftçi” daha bir milliləşdirilmiş oyunçuya elçi düşüb.
Son çempionun növbəti transferi Türkiyədən ola bilər.
“Ağ-qaralar” “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınarla maraqlanır. Sabir Buqrinin ayrılması və Mamadu Kanenin mümkün gedişi orta sahədə ciddi boşluqlar yaradır ki, rəhbərlik Eddi İsrafilov və Akpınarla bu problemi yoluna qoymaq niyyətindədir.
“Neftçi” 2015-ci ildə Azərbaycanın U-17 yığmasının formasını geyinmiş 23 yaşlı oyunçunu icarəyə götürmək istəyir. Elə “Trabzonspor” da yetirməsini oyun praktikası toplaması üçün bu şərtlərlə göndərmək niyyətindədir. Ancaq 2018-ci ildən bəri Türkiyənin bir neçə klubunda icarə əsasında çıxış edən Akpınarın ölkəsində TFF I Liqasından da təklifləri var.
Keçən ilin yayında “Kocaelispor”dan məhz icarədən qayıdan Murat cari mövsümün geridə qalan hissəsində Trabzon təmsilçisinin heyətində cəmi 2 matçda iştirak edib. Yarımmüdafiəçi Super Liqanın I turunda “Yeni Malatyaspor”a qarşı 4 dəqiqə, ölkə kubokunda isə “Boluspor” önündə 79 dəqiqə meydanda olub. Onun “Trabzonspor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsində hələlik Azər Salahlı və Eddi İsrafilovu heyətinə qatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?