AFFA İcraiyyə Komitəsinin srağagün keçirilən iclasında futbolumuzun başbilənləri növbəti dəfə Canni de Byaziyə etimad göstərməyi lazım bildilər.
66 yaşlı italyan mütəxəssis AÇ-2024-ün seçmə mərhələsində millinin “sükanı arxasında” olacaq. Halbuki toplantıdan əvvəl məsələyə münasibət bildirən əksər futbol veteranları yığmanın baş məşqçi postunda yerli kadrın olmasını daha məqsədəuyğun hesab etdiklərini söyləyirdilər. Onlardan biri də Maşallah Əhmədov idi.
“Football-plus.az” saytına açıqlama verən “Neftçi”nin sabiq “10 nömrə”si De Byazi ilə uğur qazanmağın mümkünsüz olduğunu deməklə yanaşı, ona ölkəni tərk etmək üçün 24 saat vaxt verdiyini də vurğulamışdı. Ancaq göründüyü kimi, veteranların fikri bu dəfə də nəzərə alınmadı, İcraiyyə Komitəsində əsas söz sahibləri (əl qaldıranlar yox) ictimai fikrin əksinə gedərək italyana daha bir şans tanımağı lazım bildilər.
Ancaq Əhmədovdan və italyanın qalmasını istəməyən başqa veteranlardan fərqli Maşallah bəyin komanda yoldaşı, vaxtilə “ağ-qaralar”ın “9 nömrə”si olan, hazırda “Sabah”ın idman direktoru postunu tutan İqor Ponomaryov “azerisport.com” saytına açıqlamasında Azərbaycanda millini Qurban Qurbanovdan başqa çalışdıra biləcək az sayda səviyyəli məşqçinin olduğunı bildirib. Rus dilində açıqlama verən veteran futbolçunun fikirlərini olduğu kimi sizə təqdim edirik:
“По мне, сейчас у нас мало специалистов именно хорошего уровня. Разумеется, можно пригласить на этот пост любого тренера. Но будет ли это верным решением? Ведь речь идет о национальной сборной, а к ней нужен совсем другой подход. Ведь эта команда играет на международной арене, и ей нужен уровень европейского, современного футбола. У нас есть всего один специалист такого типа – Гурбан Гурбанов”.
Ponomaryovun fikrinə Əhmədovun münasibətini öyrənməyi lazım bildik:
“Ponomaryovun söylədikləri ilə tanışam. Orda Qurban Qurbanovun adını çəkir. Niyə mütəxəssis yoxdu? Əsgər Abdullayev, Yunis Hüseynov, Yaşar Vahabzadə kimi məşqçilərimiz var. İndiki yığma kollektivdi. Bizə milli komanda lazımdı. Milli komandaya da milli məşqçi lazımdı. İndiki yığmaya yox”.
Maşallah bəyin De Byazinin postunda qalmasına münasibəti isə belə oldu:
“Ötən dəfə sizinlə söhbətdə ona ölkəni tərk etmək üçün 24 saat vaxt vermişdim. Elə də oldu. İtalyan həmin müddətdə Azərbaycandan getdi. Ancaq İcraiyyə Komitəsi onu postunda saxlayan qərar qəbul etdi. Nə deyim? Mən yenə fikrimdə qalıram. Bizə yığma yox, milli komanda lazımdı, onu da yerli məşqçi çalışdırmalıdı”.
Sorğu
Yeni dizaynımız necədir?