Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik olacaq
Hazırda yığmanın baş məşqçisi olan Berti Foqts millidən uzaqlaşdırılacaq. Əldə etdiyimiz məlumata görə yığmanın AÇ-2016-nın seçmə mərhələsinə uğursuz başlaması AFFA rəhbərliyini təngə gətirib. Seçmə komandanın səfərdə Xorvatiya millisindən 6 cavabsız top buraxaraq biabırçı şəkildə məğlub olması da, bardağı daşıran son damla olub. Berti Foqtsun göndərilməsinə görə AFFA İcraiyyə Komitəsinin yenidən bir araya gələcək. Müzakirələrdən sonra 6 ildi milliyə heç bir fayda verməyən Foqts yığma komandadan birdəfəlik uzaqlaşdırılacaq. Maraq üçün bildirək ki, son oyunda Xorvatiya millisinə 0:6 hesablı məğlubiyyət ictimaiyyətin də əsəblərini tarıma çəkib. Biabırçı məğlubiyyətdə AFFA rəhbərliyi də qınaq obyektinə çevrilib. Buna görə də rəhbərlik alman çalışdırıcını göndərməklə özlərinə olan inamı bərpa etmək istəyir. Berti Foqtsun gedişindən sonra onun hansı məşqçi ilə əvəzlənməsi də müzakirələrə səbəb olub. Bu müzakirələrdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı daha çox hallanır. Elə Foqtsu əvəzləyəcək məşqçilərdən ən çox şansı olan da Qurbanovdu. Yetərincə inam qazanan gənc məşqçi millinin “sükanı arxasına” keçməyə razılıq versə, o, iki posta çalışmalı olacaq. Belə ki, Qurban bəy həm də “Qarabağ”ı çalışdıracaq. Məsələyə yaxın günlərdə tam aydınlıq gələcək.(futbolinfo.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?