Azərbaycanın ən varlı klublarından olan “Bakı”da futbolçular arasında gərginlik hökm sürür.
Virtualaz.org saytı futbolinfo.az saytına istinadən xəbər verir ki, “Bakı”nın “Qarabağ” matçı öncəsi məşqlərinin birində Rauf Əliyevlə Mindauqas Kalonas əlbəyaxa olublar. “Bakı”nın kapitanı olan Raufla litvalı arasında əməlli-başlı dava olub. Futbolçular bir-birinə əl qaldırmaqdan belə çəkinməyiblər.
Bundan qəzəblənən komandanın baş məşqçisi Milinko Pantiç də hər iki futbolçunu məşqdən qovub.
R.Əliyev insidentin olduğunu təkzib etməyib: “Belə hadisələr olan şeydir. Artıq aramızda heç bir problem yoxdur. Hər şey qaydasındadır. Bu hadisə geridə qaldı. Məşqçinin bizi məşqdən qovması onun qərarıdır. Belə hadisələr dünya futbolunda da olur. Bunun üzərində çox dayanmaq istəmirəm. Oldu və keçdi”.
M.Kalonasın müqaviləsində xüsusi bənd var. Belə ki, o, mövsüm ərzində 10 qoldan çox vuracağı təqdirdə əlavə olaraq böyük məbləğdə mükafat almalıdır. R.Əliyevlə yanaşı “Bakı”nın digər azərbaycanlı hücumçusu Əfran İsmayılovun onu qısqanmasının bir nümunəsi də elə bu faktda gizlənir. Bunun üçün də Əfran və Rauf rəqib qapılarına təyin olunan penalti zamanı Kalonasın topa yaxınlaşmasına imkan vermirlər.
Bu, artıq ulduzu barışmayan futbolçular arasında ikinci “razborka”dır. Bir müddət əvvəl də Kalonas ilə “Qarabağ”dan transfer olunmuş Rauf Əliyev və Əfran İsmayılov arasında ciddi problemlər olmuşdu. Görünür, bu xəmir hələ çox su aparacaq.
Qeyd edək ki, “Bakı” klubunun sahibi tanınmış iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovdur.
Sorğu
Yeni dizaynımız necədir?