Ukrayna prezidenti Viktor Yanukoviç Xarkovdadır. Bunu prezidentin müşaviri, deputat Anna German deyib. Onun sözlərinə görə, Viktor Yanukoviç Xarkova işgüzar səfərə gedib və dünən axşamdan ordadır. “Bu gün prezident seçicilərlə görüşəcək, televiziya ilə çıxış edəcək. Yanukoviç Xarkovda keçiriləcək qurultayda iştirak etmək niyyətində deyil”.
Viktor Yanukoviçin dünən Ali Radada qəbul edilən qanunları Xarkovda imzalayacağı bildirilir.
* * * 13:39
Ukrayna Ali Radasında müxalifət liderləri prezident Viktor Yanukoviçin istefası ilə bağlı qərarın qəbulunu təklif ediblər.
Virtualaz.org haqqin.az-a istinadən bildirir ki, məlumatı UNİAN yayıb.
“Ali Rada Viktor Yanukoviçdən istefa verməyi tələb etməlidir. Bu, növbədənkənar seçkilərin təyin edilməsi üçün əsas olacaq. Konstitusiyaya görə, seçkilər mayın 25-dən gec olmayaraq keçirilməlidir”, - UDAR partiyasının lideri Vitali Kliçko parlamentin iclasında bildirib.
“Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk isə bildirib ki, Ali Radanın qəbul etdiyi qanunların imzalanmaması Yanukoviçin istefası üçün əsasdır.
Bu arada məlum olub ki, Ali Radanın spikeri Vladimir Rıbakın ardınca onun birinci müavini İqor Kaletnik də istefa ərizəsi yazıb.
* * * 12:54
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 21-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. APA-nın xəbərinə görə, V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.
Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıblar. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.
“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir.
Qeyd edək ki, V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb.
* * * 09:48
Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 22-nə keçən gecə Kiyevi tərk edərək Xarkova gedib.
Virtualaz.org saytı UNİAN-a istinadən bildirir ki, bundan əvvəl prezidentin təyyarəsinin Xarkova getməsi haqqında məlumat verilmişdi. ABŞ Dövlət Departamentində bildiriblər ki, burada qeyri-adi heç nə yoxdur: “Siz bilirsiniz ki, onun üçün bu qeyri-adi bir şey deyil. Bəzi siyasi əhəmiyyətli qərarların qəbul olunmasında sonra onun tərəfdarlarının çox olduğu şərqə getməsi qeyri-adi deyil”. Xatırladaq ki, dünən - fevralın 21-də Yanukoviç müxalifət liderləri ilə Ukraynada böhranı nizama salmaq haqqında razılaşma imzalayıb. Razılaşma qərarı əldə edilərkən ölkə prezidenti, müxalifət liderləri, Avropa Birliyi və Rusiya nümayəndələri də tədbirdə iştirak edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?